Gəncə Dövlət Universitetində (GDU) “14 iyul 1969-cu il – Tərəqqi yolunun başlanğıcı” adlı elmi-praktik konfrans təşkil olunub.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra görkəmli şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı oldu. 1920-ci ildən sonra dəfələrlə Azərbaycan Mərkəzi Komitəsinın dəyişən rəhbərliyi 1969-cu ilin iyul tarixinə kimi böhranlı illər keçirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. Azərbaycanın o dövrdəki neqativ reallıqların təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Ulu öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Onun hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi. Tezliklə ölkədə adambaşına düşən ümumdaxili məhsul istehsalı 2,5, sənaye istehsalı 3, kənd təsərrüfatı məhsullarının 2 dəfə artımına nail olundu. Bununla yanaşı, 1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikildi, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. Pambıq istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəlmişdi. Üzüm istehsalında statistik vəziyyət göstəricisinə görə, 1980-ci ildə 1,5 milyon ton olduğu halda 1969-cu ildəki bu göstəricidən 5-6 dəfə yüksək idi.
Rektorun baş müşaviri, dosent Asif Cavadov “Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycanda milli dirçəlişin başlanğıcı”, universitet Kitabxanasının müdiri Ayşən Əhmədova “Xalqına xoşbəxtlik bəxş edən dahi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda universitetinin kimya-biologiya fakültəsinin III kurs tələbəsi Aysu Ələsgərlinin səsləndirdiyi “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” şeri alqışlarla qarşılanıb.