Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə başlayıb.
Layihənin budəfəki qonağı Gəncə Dövlət Milli Dram Teatrı olub. 05 fevral 2025-ci il tarixində türk yazıçısı Birgül Yeşiloğlu Gülerin əsəri əsasında rejissor Elşad Əhmədovun quruluş verdiyi “Qadınlar danışsalar…” tamaşası uğurla nümayiş olunub.
Tamaşanın nümayişindən sonra Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru və tamaşanın quruluşcu rejissoru Elşad Əhmədova Akademik Milli Dram Teatrının diplomunu təqdim edib.
Qeyd edək ki, “Bölgə teatrlarının Bakı premyeraları” adlı layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.





