124-cü mövsümünü yaşayan Gəncə Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımovla müsahibə
-Əli müəllim, gəlin bir qədər teatrın tarixinə, tarixi köklərinə nəzər salaq. 124 illik tarixi bir yol kecən Gəncə Dövlət Dram teatrı haqqında oxucularımıza məlumat verin.
–1932-cü ilin dekabr ayının 28-dən Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılan, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “Bakı Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan, 1925-ci ildən 1927-ci ilədək fəaliyyət göstərən “Bakı Türk İşçi və Kəndli Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Sonradan bu teatr 1927-ci ildən 1932-ci ilədək “Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etdirib. Belə ki, məhz 1932-ci ilin dekabr ayının 28-dən bu teatrın yaradıcı kollektivi bütünlükdə Gəncəyə köçürülüb və “Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir.
-Gəncə Dövlət Dram teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən görürük ki, burada ömürlərini sənətə fəda edən müqtədir aktyor nəsli olub. Bu aktyorları necə xatırlayırsıznız?
–Gəncə Dövlət Dram Teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömürlərini sənətə fəda edən respublikanın əməkdar incəsənət xadimləri olan, rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu, rejissor Nəsir Sadıqzadəni, Yusif Yıldızı, xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Ələkbər Seyfini, Muxtar Avşarovu, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, əməkdar artistlər Əhməd Salahlını, Reyhan Tağıyevanı, Məxfurə Yermakovanı, Sadıq Həsənzadəni, Səməd Tağızadəni, Əli Rzayevi, Ağa Məmmədovu, Rza Nadirovu, Məmməd Cəfərovu, Kərim Sultanovu, Firuzə Bədirbəylini, Mənsurə Cəfərovanı, Ətayə Əliyevanı, Yusif Qazıyevi, Qurban Abbasovu, Simuzər Namazovanı, Vaqif Məmmədovu, Əli Allahverdiyevi, Faiq Qasımovu və digərlərinin böyük sənət fədailəri olaraq səhnə fəaliyyətini xatırlamamaq mümkün deyil. Məhz bu sənət fədailəri Gəncə Dövlət Dram teatrının səhnəsində maraqlı və bitgin obrazlar qaleriyası yaradaraq teatrsevərlərin hər zaman diqqət mərkəzində olmağı bacarıblar.
-Əli müəllim, hər zaman repertuar siyasəti bu teatrda xüsusi olaraq nəzər diqqətləri cəlb edib. Teatrın repertuarı Sizcə öz aktuallığını bu gün də saxlaya bilirmi?
–Tamamilə düzgün qeyd etdiniz. Hər zaman teatrımız öz repertuar siyasətini diqqətdə saxlamaqla, burada tamaşaya qoyulan səhnə əsərlərinin günün tələbləri səviyyəsində təbliğinə calışırıq. Vaxtı ilə bu taetrın səhnəsində Piter Abrahamsın eyni adlı romanı əsasında Karl Myufkenin “İldırımlı yollarla”, Səttar Axundovun “Dağlarda”, Səməd Vurğunun “Fərhad və Şirin”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”, “Mənim günahım”, Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ”, Şıxəli Qurbanovun “Sənsiz”, Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovun “Tariyel”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Cəfər Cabbarlının “Almaz”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və “Solğun çiçəklər”, Altay Məmmədovun “Ulduzlar görüşəndə”, “Həmyerlilər”, “Bəraət”, Aleksandr Ostrovskinin “Quduz pullar”, Uilyam Şekspirin “Otello”, “III-Riçard”, Yusif Əzimzadənin “Unutmayın”, “Aprel səhəri” və “Anacan”, Qurban Musayevin “Buhenvald harayı” və “Odlu illər”, Sabit Rəhmanın “Küləklər”, “Əliqulu evlənir”, Mixail Lermontovun “İki qardaş”, R. Radzinskinin “Sokratla söhbətlər”, İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, Mustay Kərimin “Odu atma, Prometey!”, Əlibala Hacızadənin “İtkin gəlin”, Maqsud İbrahimbəyovun “Cavan qadına yaraşan kişi”, Orxan Kamalın “72-ci kamera”, “Yad qızı”, Dias Valeyevin “Vicdan məhkəməsi”, Aleksey Dudarevin “Astana”, Kiril Topalovun “Məhəbbət və xəyanət”, Vladimir Kotenkonun “Dəmir pərdə”, Nazim Hikmətin “Kəllə”, Əli Səmədovun “Ölüm hökmü”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran Qasımovun “Dairəni genişləndirin”, M. Şatrovun “İnqilabi etüd”, Elcinin “Qatil”, F. Əlyarbəylinin “Xan qızı”, “Qonşular”, N. Məmmədlinin “Cavad xan”, “Unutmaq istəyirəm”, İ. Şıxlının “Dəli Kür” romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi “Dəli Kür”, C. Məmmədquluzadənin “Ölülər”, S. Dərvişin “Fosforlu Cevriyyə” və başqa maraqlı səhnə həyatı bəxş olunan quruluşları Gəncə Dövlət Dram teatrının repertuarının əsasını təşkil edib.
-Bəs bu gün hansı pyeslərə müraciətlər olunur. Bu gün teatrınızın repertuarında olan hansı tamaşalar haqqında danışa bilərsiniz?
–Təbii ki, bu gün də teatrın bədii şurası bu ənənəni davam etdirməklə yeni pyeslərin hazırlanması işini uğurla davam etdirir. Sözsüz ki, yenə də tamaşaçı auditoriyasının maraqları əsas götürülür. Bu gün repertuarımızda 22-yə yaxın əsər uğurlu səhnə həlli ilə tamaşaçılara təqdim olunur. Belə ki, İlyas Əfəndiyevin “Unuda bilmirəm”, Xəzangülün “Məhəbbətin qənimi”, N. V. Qoqolun “Evlənmə”, Elcinin “Ölüm hökmü”, C. Məmmədquluzadənin “Dəli yığıncağı”, Ş. Mehdiyevin “Sabir”, T. Cücenoğlunun “Matruşka”, Hüseyn Cavidin “İblis”i əsasında “İblis nədir ?”, N. Dumbadzenin “Hellados” və sairə tamaşaları maraqla izlənilir.
-Əli müəllim, uğurlarınız da az deyil. Teatrın iştirak etdiyi festivallar, qastrollar barəsində nə deyə bilərsiniz?
–Gəncə Dövlət Dram Teatrı və onun yaradıcı kollektivi bu gün də fəaliyyətini uğurla davam etdirir. Bu illər ərzində bir çox teatr festivallarında iştirak etmişik. Belə ki, 2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatının “Qran Pri” nominasiyasına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın tamaşaya hazırladığı İ. Əfəndiyevin “Qəribə oğlan” pyesi “Gənc rejissorların teatr festivalı”nda, 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə “Respublika teatr festivalı”nda uğurla çıxışlar edib. Daha sonra 2011-ci ildə Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “Uluslararası XVII Aksu Tiyatro Festivalı”nda T. Cücenoğlunun “Gözəlçələr” pyesinin tamaşası ilə, 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eksperimental Tamaşalar Festivalında Kamal Abdullanın “Sərgərdan” pyesinin tamaşası ilə, 2012-ci ildə “Tuganlıq 2012” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında, 2013-cü ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində “Bin ses bir nefes” Uluslararası Teatr Festivalında uğurla çıxışları olub. Eləcə də 2011-ci ilin aprel ayında Mirzə Fətəli Axundzadənin “Misyöjordan və Dərviş Məstəli şah” komediyası ilə Bakı şəhərində çox uğurlu qastrol səfərimiz olub. 2013-cü ildə Gəncə Dövlət Dram Teatrı növbəti uğura imza ataraq Ukraynada keçirilən “Klassika bu gün” Beynəlxalq Teatr Festivalında baş rejissor İradə Gözəlovanın quruluşunda N. V. Qoqolun “Evlənmə” pyesinin tamaşası festivalın “Ən yaxşı kişi rolu” nominasiyası ilə Podkolyosin rolunun ifaçısı respublikanın əməkdar artisti İlham Hüseynov təltif edilib. 2014-2015-ci illərdə Gəncə Dövlət Dram Teatrı Türkiyənin Giresun şəhərində xalq artisti Vaqif Şərifovun quruluşunda Elçinin “Qatil” və əməkdar artist Faiq Qasımovun quruluşunda Xəzangülün “Məhəbbətin qənimi” pyeslərinin tamaşaları ilə Uluslararası Teatr Festivallarının iştirakçısı olub. 2016-cı ildə Türkiyə Cümhuriyyətinin Konya Bələdiyyəsi tərəfindən keçirilən Uluslararası Beynəlxalq Teatr Festivalında gənc rejissor Elşad Əhmədovun quruluşunda Turqay Narın “Şəhrizadın oyunu” pyesinin tamaşası ilə iştirak etmişik. 2017-ci ildə isə Türkiyə Cümhuriyyətinin Merzifon Bələdiyyəsi tərəfindən təşkil olunan “3.Uluslararası Tiyatro Festivalı”nda Əli Əmirlinin “20 ildən sonra” pyesinin tamaşası quruluşçu rejissor, respublikanın əməkdar artisti Novruz Cəfərovun quruluşunda maraqla qarşılanıb və yaradıcı kollektiv xüsusi mükafata layiq görülüb. 2015-ci ildə “20.Uluslararası Ankara Tiyatro Festivalı”na dəvət olunan Gəncə Dövlət Dram teatrının gənc rejissoru Elşad Əhmədov “Azərbaycan Teatr Poetikası” adlı iki günlük seminar-məşğələ ilə çıxışlar edib. Həmçinin 2015-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə ən uğurlu səhnə əsəri kimi qəbul olunub.
-Bu ildə də bir sıra festivallarda iştirakınız olub. Bu festivallar haqqında nə deyə bilərsiniz?
–Tamamilə düzgün qeyd etdiniz. Bu ilin may ayında qardaş Türkiyə Cümhuriyyətinin Giresun şəhər Bələdiyyəsinin təşkil etdiyi Uluslararası Beynəlxalq Teatr Festivalında gənc rejissorumuz Elşad Əhmədovun hazırladığı T. Cücenoğlunun “Matruşka” pyesinin tamaşası ilə iştirakımız olub. Həmçinin 12-19 may 2018-ci ildə “Sərhədsiz teatr” III-Şəki Beynəlxalq Teatr Festivalı Milli Proqramı çərçivəsində teatrımızın baş rejissoru İradə Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” komediyası ilə iştirak etmişik. Eləçə də 05-15 iyul 2018-ci ildə Gürcüstan Respublikasının Özürgeti Dövlət Dram Teatrının təşkilatçılığı və dəvəti ilə Beynəlxalq Teatr Festivalında yenə də rejissor İradə Gözəlovanın quruluşunda N. Dumbadzenin “Hellados” pyesinin tamaşası ilə iştirakımız olub. Yaradıcı kollektivimiz bu qeyd edilən festivallardan da xüsusi nominasiyalarla geriyə dönüb. Hətta qeyd edim ki, Gürcüstanda kecirilən Beynəlxalq Teatr Festivalında heç bir nümayış olunan tamaşalar üçün nominasiya-mükafat nəzərə alınmadığı halda Gəncə Dövlət Dram Teatrının quruluşuna baxdıqdan sonra münsiflər heyyətinin qərarı ilə tək bir nominasiya-mükafat qəbul edilərək Gəncə Dövlət Dram Teatrına təqdim olunub.
-Bu il üçün yeni hazırlanan tamaşalar haqqında nə deyə bilərsiniz?
-Hər il olduğu kimi bu ildə də yeni quruluşlarımız olacaq sözsüz ki. Artıq gənc rejissorumuz Elşad Əhmədov yerli yazarımız olan Xəzangülün “Xərabət gözəli” pyesi üzərində yaradıcılıq işinə başlayıb. Daha sonra teatrımızın baş rejissoru İradə Gözəlova məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı Danimarka şahzadəsi haqqında bəhs edilən əfsanədən götürülən və ilk növbədə onun intiqamını özündə əks etdirən “Hamlet” faciyəsini hazırlayacaq. Daha sonra rejissor, xalq artisti Vaqif Şərifov dramaturq Altay Məmmədovun “Kişilər” komediyasına yenidən müraciət edəcək. Bilirsiniz ki, bu pyes 30 ilə yaxın bizim teatrımızın repertuarında olub və böyük tamaşaçı rəğbəti qazanıb. Yenidən bu pyesə bir daha müraciət edəcəyik.
-Əli müəllim teatrınızın gənc yetirmələri haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə kadr potensiyalının hazırlanması işi necə həyata kecirilir?
–124 illik tarixi bir yol keçən Gəncə Dövlət Dram Teatrının bitməz və tükənməz sənət uğurları davam etməklə gənc nəslin formalaşdırılması və inkişaf etdirilməsində də əməli tədbirlər həyata kecirilməkdədir. Teatrın daxilində fəaliyyət göstərən “İkinci nəfəs” Teatr studiyası bu istiqamətdə uğurlara bir imza atır. Bu studiyanın yetirmələri olan gənc aktyorlardan Murad Meyfəliyev, Sevinc Hüseynova, Elnur Abbasov, Emil Salmanov, Şəbnur Allahverdili, Rauf Hüseynov və başqaları böyük sənət məktəbində öz sələflərinin ən layiqli davamçıları kimi diqqəti cəlb edirlər.
-Uğur olsun.
Anar Burcəliyev,
Teatrşünas