Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
Prezident İlham Əliyev cari ilin 14 mart tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bir sıra əsas məsələlərə toxunub. Forum qarışıq, parçalanmış, qarşı-qarşıya dayanan, münaqişələrlə dolu dünyanın bərpası istiqamətində Azərbaycanın nümunə olduğunu, model verdiyini göstərir. Forum Azərbaycanın dövlət müstəqilliyi tam bərpa edildikdən sonra ilk dəfə keçirilirdi. Belə ki, Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayanır, getdikcə coğrafiyası genişlənir və nüfuzu artır. Bu o deməkdir ki, sürətlə dəyişən dünyada Azərbaycan beynəlxalq məsələlərin müzakirə edildiyi məkanlardan biridir, dünya işlərində rolu güclənir, mövqeləri möhkəmlənir. Toplantında 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi deyilənləri göstərir. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbəsi ciddi geosiyasi dəyişiklik olmaqla digər münaqişələrin həllinə, separatçılığa son qoyulmasına müsbət təsir göstərəcəkdir. Azərbaycan münaqişələrdən əziyyət çəkənlərə bir nümunə verib.
Prezident Cənab İlham Əliyev çıxışı zamanı “Qarabağ münaqişəsini sülhlə həll olunmasının istənildiyini, lakin başqa əlac olmadığinı bildirmişdir”. Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olunmasını istəyirdik. Əslində bildiyimiz kimi bu məsələni 1992-ci ilin martın 24-də yaranmış ATƏT Minsk (ABŞ, Fransa, Rusiya) qrupu həll etməli idi. 28 il mövcud olan Minsk qrupunun bu illər ərzində fəaliyyətinə baxdıqda heç bir işin görülmədiyini asanlıqla müşahidə etmək olar. Keçmişə nəzər salaraq və bu kimi faktlara əsaslanaraq demək olar ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq idi. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil.Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.
2019-cu ildə Ermənistanın yeni rəhbərliyi “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Əlbəttə qarşı tərəfin həqiqəti əks etdirməyən istəkləri Azərbaycan hökümətinin və xalqının səbrini tükəndirirdi.
2020-ci ilin iyul ayında Tovuz döyüşləri bir daha müharibənin qaçılmaz olduğunu göstərdi. Bu döyüşlərdə Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağa davam edən Ermənistana 2020-ci ilin sentyabr-noyabr aylarında dövlət başçısı və Azərbaycan Ordusu dərs vermək məcburiyyətində qaldı. Ona görə də “dəmir yumruq” əməliyyatı Prezident tərəfindən aktivləşdirildi və məsələ kökdən həll olundu. Təkrar deyildiyi kimi bu Azərbaycan dövlətinin son xəbardarlığı idi. Bütün təzyiqləri rədd edərək qələbəni təkbaşına qazanan Azərbaycan Cənubi Qafqazda sülh istəyir və bundan ötrü çalışır. Hər şey Ermənistan tərəfinin davranışlarından asılıdır. Regionu qarışdırmaq istəyən dövlətlərə burada yer olmayacaqdır. Gələcək sülh və əməkdaşlıqdadır.