Fransa ilə Azərbaycan arasında olan münasibətlər ən aşağı nöqtədədir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bunun səbəbkarı Azərbaycan deyil. Əfsuslar olsun ki, bu cür qəbuledilməz davranışları nümayiş etdirən Fransa olub. Fransa tərəfindən bəzən açıq şəkildə bəyanatlar səsləndirilib, bəzən ölkəmizə qarşı özündə hədə ifadə edən açıqlamalar verilib.
Tam məsuliyyətlə deyə bilərəm ki, müxtəlif platformalarda ölkəmizə qarşı sistemli işin arxasında dayanan əsas ölkə Fransadır. Azərbaycan buna adekvat cavab verəcək. Biz elə ölkə deyilik ki, özünə qarşı olan belə bir addımları cavabsız qoysun. Dediyim kimi, ölkəmizə qarşı ilk olaraq Fransa addımlar atıb. Nə zaman ki, Fransa səhvini anlayıb alternativ addımlar atarsa, biz də buna uyğun cavab verəcəyik”, – deyə nazir bildirib.