Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr qarşılıqlı hörmətə və dostluq ənənələrinə əsaslanmaqla, qonşuluq prinsipləri ilə həyata keçirilməkdədir. Təqdirəlayiq haldır ki, iki ölkə arasında əməkdaşlıq get-gedə intensivləşir.İki ölkənin humanitar, iqtisadi, siyasi sahələrdə əməkdaşlığı bir çox ölkələrə örnək olmaq gücünə qadirdir.
İki dövlət arasındakı iqtisadi əməkdaşlığın perspektivlərinə gəlincə, ölkəmiz əlaqələrin genişlənməsinə xüsusi önəm verir və bu baxımdan sənaye, neft maşınqayırması, turizm, tranzit, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda investor kimi iştirakı, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın genişləndirilməsi və s. sahələrdə əməkdaşlıq imkanları genişdir.
Azərbaycan və Rusiya münasibətlərinin inkişafında dövlət başçıları, həmçinin onların qarşılıqlı səfərləri mühüm rol oynayır.
Məlumdur ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cari ilin avqust ayının 18-də Azərbaycana ikigünlük dövlət səfərinə gəlib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər.
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşü keçirilib.
Rusiya dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirən cənab İlham Əliyev bunu öz çıxışında da qeyd etmişdir: “İlk növbədə, Sizi bir daha salamlamaq istərdim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlirsiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir”.
Azərbaycan və Rusiya dövlətləri arasında bütün istiqamətlər üzrə müsbət dinamika nəzərə çarpır.Bu, bir çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə daha da genişlənir. Sözsüz ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı imzalanan dövlətlərarası siyasi-iqtisadi müqavilələr mühüm nəticələr əldə olunmasına təkan verəcək.
Avqustun 19-u tarixində hər iki dövlət arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilmiş və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Görüşdə aktual beynəlxalq mövzulara da toxunulmuş, regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə olunub.
Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə dəbeynəlxalq və regional problemlərə toxunulmuşdur. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bir sözlə, Azərbaycanla Rusiya arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Bu məqam Rusiya Prezidentinin ikigünlük səfəri zamanı bir daha öz təsdiqini tapdı. Səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində, mövcud potensialın daha dolğun reallaşdırılmasında böyük təkan olmaqla, qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına xidmət edəcəkdir.