Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən sakinlərlə növbəti dəfə görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Aparatın məsul əməkdaşları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iştirak ediblər.
Fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşlar tək-tək dinləniliblər. Sakinləri narahat edən məsələlərə aydınlıq gətirilib və onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.