Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilib.
Ölkəmizlə yanaşı, Kanada, Rusiya, Türkiyə, İran və digər dövlətlərin nüfuzlu elm və təhsil qurumlarının gənc tədqiqatçılarının qatıldığı Beynəlxalq konfransda AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov da iştirak edib. Gənc alim ilk dəfə olaraq konfransın tarix elmləri üzrə bölməsinə həmsədr – moderator seçilib, bölmə iclaslarına rəhbərlik edib.
Elnur Həsənov konfrans çərçivəsində Gəncə şəhərinin tarixi-memarlıq abidələri, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə dair təqdimat nümayiş etdirib, konfransın gənc tədqiqatçıların qarşılıqlı əməkdaşlığı baxımından əhəmiyyətindən danışıb.
Tədbirin sonunda ən uğurlu məruzələrə görə iştirakçılara, o cümlədən Gəncə şəhərini təmsil edən gənc tədqiqatçıya sertifikatlar təqdim olunub.