Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi əhalinin elektron imza xidmətlərindən istifadəsinin genişləndirilməsi və bu xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində prosedurların təkmilləşdirilməsini və sadələşdirilməsini davam etdirir.
Bununla əlaqədar olaraq elektron imza xidmətləri üçün yeni tariflər müəyyənləşdirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, yeni tariflərə əsasən, elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin olunmuşdur. Bu tariflərə 3 illik elektron imza xidmətləri, elektron imza daşıyıcısı olan smart kart və 3 il ərzində vaxt göstəricilərinin qeyd olunması xidmətindən limitsiz istifadə daxildir.
Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir. Bu tarifə elektron imza üçün 3 illik tam xidmətlərlə yanaşı, kart oxuyucusu (cardreader) da daxildir.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün səmərəli həll hesab edilir və e-imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir.
Mənbə: azertag.com