Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Barbar erməni xisləti tərəfindən törədilən həyata keçirilən, müasir dövrümüzün ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımının 32-ci ildönümünü yaxın bir neçə gündür ki qeyd etdik. Lakin keçən illərdən fərqli olaraq artıq bu ildönümündə biz qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü il lokal xarakterli antiterror əməliyyatında düşmən ordusunu darmadağın edərək Ermənistan rəhbərliyini təslim aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, Xocalı soyqırımı qurbanlarının qisası alındı. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Bu gün, sözsüz ki,Müzəffər Ali Baş Komandanımız daxil olmaqla bütün Azərbaycan xalqı – böyükdən kiçiyə hər kəs Xocalının qisasının alınmasının qürurunu yaşayır.
Məlumdur ki, cari ilin fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısının Xocalıda çıxışı hər bir azərbaycanlını qürurlandırır: “Otuz iki ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir”.
Burada dövlət başçısının verdiyi əsas mesaj haylara və onlardan geosiyasi alət kimi faydalananlara yönəlmişdi. Açıq-aydın çatdırıldı ki, onun-bunun qucağına sığınan Ermənistanın bizim bütün şərtlərimizi qəbul etməkdən başqa yolu yoxdur.
Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı isə faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinə ehtiram olmaqla yanaşı, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına və tariximizin yaşadılmasına xidmət edəcək.Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.
Xocalıda müvafiq quruculuq tədbirləri görüldükdən sonra işğaldan azad olmuş digər rayonların sakinləri kimi Xocalı sakinləri də tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.