DİM iyulun 10-da keçirilmiş imtahanların nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilmiş imtahanların nəticələrini elan edib. İmtahanların nəticələri artıq mərkəzin internet saytında yerləşdirilib. Abituriyentlər DİM-in internet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan nəticələrini mobil telefonla 7727-yə iş nömrəsini göndərməklə də öyrənmək mümkündür.

DİM-dən bildirilib ki, imtahan nəticələrinə əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçmiş 18116 abituriyentdən 3001-i imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12-si imtahan qaydalarını pozduğu üçün xaric olunub və nəticələri ləğv edilib.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4437 abituriyentdən 721-i imtahana gəlməyib. İmtahana qatılan abituriyentlərdən biri qaydaları pozduğuna görə xaric olunub və nəticələri ləğv edilib.

Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarına qatılmayan IX sinif və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.

Qeyd edək ki, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına iyulun 12-dən 13-nə kimi saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini gətirməklə şəxsən müraciət edə bilərlər.

Hicran Məmmədova :