Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri böyük maraqla qarşılanır. Qarabağa edilən hər səfər bizi illərlə həsrətində olduğumuz, xəyallarımızda yaşatdığımız Böyük Qayıdışa addım-addım yaxınlaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Mayın 10-da Füzuli rayonunda bir sıra mühüm obyektlərin təməlinin qoyulduğunu diqqətə çatdıran deputat deyib: “Bunların sırasında 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının və ildə 800 tələbə qəbul edə biləcək Füzuli Peşə Liseyinin təməlinin qoyulması azad olunmuş ərazilərimizdə məskunlaşmanın və məşğulluğun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Füzuli şəhərində yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisinin seçilməsi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın orada ağac əkmələri təkcə yeni parkın təməlinin qoyulması deyil, həm də illərlə erməni vandallarının ekologiyamıza vurduqları ziyanın dünyaya nümayişi və Azərbaycanın bu barbarlığa humanistcəsinə cavab verməsinin təzahürü idi”.
Hikmət Babaoğlu vurğulayıb ki, səfər çərçivəsində dövlətimizin başçısının Şuşada tarixi abidələrimizin bərpası, Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə görülən işlər, mədəniyyət paytaxtımızın tarixi simasının özünə qaytarılması ilə bağlı məlumatlandırılması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ziyalı mühitinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpa edilməsi Heydər Əliyev Fondu tərəfindən maddi-mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən böyük işlərin davamıdır.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Şuşadan məhz mayın 10-da – Ulu Öndər Heydər Əliyevin doğum günüdə Azərbaycan xalqına müraciət etməsi dövlətçilik tariximizin və milli yaddaşımızın yenilənməsi baxımdan xüsusi məna daşıyır. Çünki ümummilli lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi.
Torpaqlarımızın azad edilməsini milli dövlətçiliyimizin xilası kimi dəyərləndirən H.Babaoğlu vurğulayıb: “Məhz Prezident İlham Əliyev xalqımızın ümummilli arzusunu reallığa çevirən Müzəffər Ali Baş Komandan, dövlətçiliyimizin gələcəyini təmin edən böyük siyasi xadim kimi xalqımıza müraciət edərək, keçdiyimiz bu Zəfər yolunu Heydər Əliyev ideya və arzularının təntənəsi kimi qiymətləndirdi. Bu mənzərə qürurverici idi və hər bir azərbaycanlıda fəxarət hissi yaratdı.