“Təəssüf ki, karantin rejiminin yumşaldılması yoluxmaların sayını çoxaldıb”.
Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, bu məsələdə məsuliyyətli olmalıyıq:
“Bütün vətəndaşlarımızı səfərbər etməliyik. Çünki hələ virusa qarşı vaksin tapılmayıb. Düşünürəm ki, izolyasiya tədbirlərinə əməl edək. Vətəndaş olaraq məsuliyyətsizliyimiz insanlarımızın yoluxmasına, dünyasını dəyişməsinə səbəb olub”.
Musa Quliyev həmçinin təklif edib ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulması ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunmalıdır.
“Biz bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşməliyik”, – deyə deputat əlavə edib.