Turanə Rüstəmova,
YAP Gəncə şəhər təşkilatının fəalı, Gəncə Dövlət Universitetinin tələbəsi
Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
27-31 yanvar 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib. O, bildirib: “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır”.
Prezident Heydər Əliyev 27-30 mart 2000-ci ildə Davosda “Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun” mövzusunda sessiyada iştirak edib. Səfər çərçivəsində Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüş keçirib. Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi -Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişin Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib. Heydər Əliyev DİF ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açacağını bildirib. Eyni zamanda Heydər Əliyev İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin rəhbəri (Maliyyə Naziri) K.Villiqerlə görüşüb, digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. Heydər Əliyev bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib.
İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Davos forumu “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilib. 25 yanvar 2007-ci ildə Davos forumu çərçivəsində keçirilən “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib. Səfər çərçivəsində İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.
Davos Dünya İqtisadi Forumunun 2008-ci il hesablamalarına görə, iqtisadi inkişaf tempinə görə Azərbaycan MDB məkanında birinci və dünya miqyasında isə 62-ci yerdə olmuşdur.
Davos İqtisadi Forumu 2023-cü ildə son dövrün ən təsirli geosiyasi və geoiqtisadi məsələlərin qabarıq olduğu məqamda “Fraqmentasiya olmuş dünyada əməkdaşlıq” mövzusu ilə keçirilib. Yanvar ayının 16-20 tarixlərində baş tutan Forum hazırda dünyada baş verən bir sıra hadisələrin, COVİD-19 pandemiyasından geriyə qalan təklif zəncirindəki qırılmaların və Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirlərini müzakirə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib, panel iclasının moderatorunun suallarını cavablandırıb. Prezident moderatorun Avropaya enerji idxalının artması ilə bağlı sualını belə cavablayıb: Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Eyni zamanda, biz Limakın da töhfə verdiyi yeni layihəni – TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. Təsəvvürünüzə gətirin, TAP yalnız iki il bundan əvvəl açılmışdır. Biz düşündük ki, bu, Avropa üçün uzun müddətə tələb edilən həcm olacaq. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Biz Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün həqiqətən gərgin çalışırıq.
Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Baş nazir qeyd etdiyi kimi, keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.