Gəncə tarixən Azərbaycanın mədəniyyət və incəsənət ocağı kimi tanınıb. Şəhərin zəngin mədəniyyətini sübut edən əsas amillərdən biri də burada yaşayıb-yaradan şəxsiyyətlər olub. Onları yaddaşlara yenidən qaytarmaq, tanıtmaq isə vacib amillərdən biridir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə Hacıkənd qəsəbəsində istifadəyə verilən “Nizami Gəncəvi: sələflər və xələflər” adlı park məhz bu məqsədə xidmət edir.
Parkda ucaldılan Azərbaycanın intibah tarixində xüsusi yeri olan, qədim və zəngin milli-mədəni dəyərlərə malik Gəncə şəhərinin dünyaya bəxş etdiyi dahi şəxsiyyətlərin heykəllərindən biri də Siti Gəncəviyə aiddir. Əsərin müəllifi heykəltəraş Asəf Həsənovdur.
Gəncədə yaşayıb-yaratmış Şeyx Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül-Üla Gəncəvi, Ömər Gənci, Qivami Gəncəvi, Əbubəkr Gəncəvi, Rəziyyə Gəncəvi kimi dahilər sırasında Siti Gəncəvinin (1108-1184) özünəməxsus yeri olub.
Siti Gəncəvinin yaradıcılığında məhəbbət mövzulu əsərlər (rübailər) üstünlük təşkil edib.