Mayın 26-dan etibarən Gəncə şəhərində yerləşən “CinemaPlus Xəmsə” kinoteatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin 3 gün ödənişsiz nümayişi olacaq.
Filmin xronometrajı 1 saatdır. Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibəti ilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.