Bahadur Hüseynov,
YAP fəalı, Beynəlxalq Münasibətlər üzrə magistr
“Qarabağ konflikti artıq başa çatdı”.
Bu fikir Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı cənab İlham Əliyevə məxsusdur. Hələ 3 il bundan əvvəl, Azərbaycanın 44 gün ərzində düşmənə qarşı başlatmış olduğu uğurlu əks-hücum əməliyyatları nəinki Qarabağ, bütövlükdə regiona əsaslı təsir göstərərək, geosiyasi xülyaları alt-üst etdi və 27 sentyabr 2020-ci ildən etibarən regionda heç nə əvvəlki kimi deyil.
Qarabağın bütövlüklə işğaldan azad edilməsi və bu torpaqlara mülki həyatın geri dönüşünün uğurla həyata keçirilməsi, seperatizmin köklərinin torpaqlarımızdan birdəfəlik silinməsilə təhdid ünsürlərinin aradan qaldırılması görünür qlobal siyasətin bir çox aktorunun maraqlarından savayı, on illərdir qurulmağa çalışılan oyunlarının pozulması bahasına başa gələrək, xarici siyasi prioritetləri Azərbaycanofob şüarlarla zənginləşdirib. Məhz bunun nəticəsidir ki, Azərbaycana təzyiq imkanları tükənmiş olan bu kimi aktorlar, bu dəfə isə siyasi iradəsi Azərbaycanla müqayisə oluna bilməyəcək qədər zəif olan Ermənistan üzərindən yeni geosiyasi oyun axtarışındadırlar.
Cənab Prezident İlham Əliyev Azərbaycanın mövqeyini birmənalı şəkildə ifadə edir: “Bizi heç kim yolumuzdan döndərə bilməz!”. Çünki, Azərbaycan beynəlxalq hüququn jus cogens prinsiplər də daxil olmaqla, bütün prinsip və hələ yazıya alınmamış qanunlarının fərqində olmaqla, Qərbdə mövcud olan ikili standartlarına yaxşı bələddir.
Azərbaycan-Ermənistan normallaşma danışıqlarında konstruktiv və destruktiv iştirakçılar:
6 oktyabr 2022-ci ildə Praqa görüşünün ardından regionda ədalətli vasitəçilik və daimi sülh üçün ümidverici bəyanatlar səsləndi. Yelisey sarayından verilən bəyənat, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etdi. Praqa görüşünün mühüm nəticələrindən biri, Ermənistana Avropa İttifaqı missiyasının göndərilməsi qərarı idi. Amma, məsələ burasında idi ki, sərhədləri Rusiya tərəfindən mühafizə edilən və Rusiyanın çox güclü siyasi təsirinin olduğu Ermənistana qərbin belə bir missiyanın göndərilməsi Ermənistanı “sivilizasiyaların toqquşma” meydanına çevirəcəkdi mi?
Ermənistanın təhlükəsizliyini özünün milli təhlükəsizliyi adlandıran İranın Rusiya ilə birgə qərbin Ermənistan üzərindən regiona gəlişinə etiraz etməsi, buna qarşılıq Qərbin xüsusilə son həftələr ərzində artan hərbi əməkdaşlıq meyli bir sualı gündəmə gətirir: Qərb, xüsusilə də Fransa və ABŞ Ermənistanı hərbi baxımdan gücləndirməklə regionda nəyi hədəfləyir? Və ya nəyi balanslaşdırmağa çalışır?
2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə münasibətlərinin situativ müttəfiqlikdən rəsmi təsdiqlənmiş müttəfiqlik səviyyəsinə keçirilməsi, iki dövlətin hərbi potensialını birlikdə artırması və hərbi, siyasi əməkdaşlığın digər istiqamətlərini nəzərdə tutan Şuşa bəyannaməsində açıq şəkildə qeyd edilir ki, bu müttəfiqlik hər hansı üçüncü dövlətlərə qarşı yönəlməmişdir.Şuşa bəyannaməsi ilə Azərbaycan post-müharibə dövründəki yeni geosiyasi reallığa Türkiyəni müttəfiq olaraq dəvət etdi. Ermənistanın Baş naziri N.Paşinyanın cənab Ərdoğanın andiçmə mərasiminə qatılması, həmçinin Türkiyə ilə sərhədlərin açılması istiqamətində verilən pozitiv bəyanatlar Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşmasına mövqeyini ifadə etməkdədir. Çünki, Türkiyənin proseslərdə iştirakı münasibətlərin normallaşması və `qazan-qazan` prinsipi təməl alınaraq həyata keçirilərək, konstruktiv xarakter daşımaqdadır. Lakin, Ermənistanın cəlb etməyə çalışdığı tərəflərin heç bir hüquqi əsası olmayan və danışıqlar masasını başlamadan pozan (Qaranada danışıqları kimi) bəyanatları və davranışları bu dövlətlərin normallaşma prosesindəki yerini sorğuladır və belə bir sual ortaya çıxarır: Həqiqətən də məqsəd sülhdürsə, niyə Ermənistanın Azərbaycanla birbaşa danışıqlar aparmasına mane olunur?
Qərb Ermənistanda nəyi hədəfləyir?
Hələ 2022-ci ilin sentyabr ayında İrəvana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin bəyənatlarına həm Türkiyə, həm də Rusiya tərəfindən cavab verilmiş, Pelosinin destruktiv bəyanatlarının normallaşma prosesi üçün heç nə vəd etmədiyi dilə gətirilmişdi. Pelosinin Azərbaycanı hədəf alan əsassız açıqlamaları əvvəlcədən düşünülmüş və sistematik həyata keçirilmiş oyunun tərkib hissəsi idi. Nəzərə almaq lazımdır ki, hələ Pelosinin səfərindən əvvəl Ermənistan Parlamentinin sədri Alen Simonyan məhz bu səfərin Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük rola sahib olacağını bildirmiş, səfərin xarakterini büruzə vermişdi.
Rusiyanın Ukraynada gedən müharibə fonunda başqa bir regionda açıq qarşıdurmaya girməyəcəyini düşünən qərb, Cənubi Qafqaza Ermənistan üzərindən daxil olmaq uğrunda mübarizə aparır. 11-20 sentyabr 2023-cü ildə Ermənistanın NATO-nun “Eagle Partner 2023” təlimlərinə qatılmasına Rusiya ən mülayim dil ilə “dost olmayan davranış” olaraq xarakterizə etdi. ABŞ-nin “Politico” nəşrinə müsahibə verən Paşinyanın,“Ermənistan artıq öz təhlükəsizliyini Moskvaya etibar edə bilməz” fikri, Azərbaycanın Qarabağ zəfərinin ardından Ermənistanın Rusiyaya qarşı dəyişən mövqeyinin ən rəsmi ifadəsi oldu.
Sentyabr ayında Ermənistanın qatıldığı digər təlim isə Almaniyada keçirilən “Saber Junction 2023” təlimi idi. Görülən budur ki, Ermənistan son aylar qərblə münasibətlərini xüsusilə də hərbi konteksdə genişləndirmək niyyətindədir.
NATO-nun Genişləmə Komitəsinin rəhbəri G.Fehlinqerin “Ermənistanı NATO-ya qoşulmağa çağırıram” paylaşımı isə siyasi iplərin daha da çəkilməsinə gətirib çıxardı və Ukraynanın ardından bu dəfə isə qərb-şərq qütbləşməsinin növbəti mərkəzinin cənubi Qafqazmı olduğu sualını gündəmə gətirdi.
Bəs Fransanın ermənipərəst mövqeyi bu qütbləşmədə hansı mövqedədir?
3 oktyabrda Ermənistana səfərə gələn Fransanın xarici işlər naziri K.Kalonnanın “X” sosial hesabında Türkiyədə yerləşən Ağrı dağının şəklini paylaşaraq, həm fransız, həm də erməni dilində yazdığı “ilk ziyarətimdən 5 ay sonra Ermənistana döndüm” yazısı ictimai rəydə birmənalı qarşılanmadı. Türk ictimaiyyətində Kollonnanın paylaşımı Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə `təhdid` olaraq xarakterizə edildi.
Lakin, Kolonnanın İrəvan səfəri çərçivəsində səsləndirdiyi fikirlər, xüsusilə də Azərbaycanın silahlanmasına vurğu edərək, Fransanın Ermənistanı silahlandırmasına `yaşıl işıq` yandırması Ermənistanın hərbi cəhətdən güclənməsinə nail olmağa çalışan Fransanın “sülh çağırışlarını” şübhəyə salır.
Azərbaycanın Qarabağ zəfərinin ardından Rusiyadan hərbi asılılığını azaltmağa çalışan Ermənistanın Hindistanın ardından qərblə hərbi əməkdaşlıq meylləri erməni ictimaiyyətində revanşizmin yenidən doğuşu olaraq xarakterizə edilsə də, nəzərə almaq lazımdır ki, müharibə sadəcə texnika ilə yox, ixtisaslaşmış kadrlarla aparılır və qərbin erməni ordusunun “qüdrətinin” süni şəkildə artırılması istiqamətindəki fəaliyyəti Ermənistanın sarsılmış milli ruhu üçün heç nə ifadə etmir.
Beləcə, qərbin son aylardakı heç bir əsası olmayan narrativləri artıq hərbi fazaya keçərək, Ermənistanın sürətli silahlanmasını və Azərbaycan qarşısında əzici məğlubiyyət almış erməni ordusunun sürətli komplektləşdirilməsini hədəfləməkdədir. ABŞ-ın bu konteksdə Ermənistana yardımlarının istiqamətlərindən biri Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaradılması idi. Çünki, Ermənistanın kəşfiyyat yetərsizliyi müharibədən sonrakı dövrdə dəfələrlə gündəmə gətirilmişdi.
Son olaraq isə, 17 oktyabr tarixində Paşinyanın həqiqəti əks etdirməyən `həqiqətlərinin` Strazburqda avropalı parlamentarilər tərəfindən alqışa tutulması, Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə görüşən Paşinyanın Qarabağı könüllü tərk edən ermənilərlə bağlı danışarkən “etnik təmizlik və zorla yerlərindən qovulma” olaraq bəhs etməsi, təbikii danışıqlara süni maneçilik yaratmaq cəhdlərindən başqa bir şey deyildir. Təəssüflər olsun ki, Təhlükəsizlik Şurasının erməni işğalına dair 4 qətnaməsinin icrasına dair tələblər, 1 milyona yaxın qaçqın və məcburi köçkün səbəbilə ölkəmizin üzləşdiyi humanitar fəlakət, Ermənistanın torpaqlarımızda 30 il müddətində qeyri-qanuni şəkildə fərqli regionlardan erməniləri köçürməsi, Ermənistanın azərbaycanlı mülkilərə qarşı hərbi təxribatları, ekosidi, mina terroru, minlərlə soydaşımızdan hələ də bir xəbərin olmaması və s. kimi həqiqətlər hələ də Paşinyanın yalanlarına belə şahidlik edən Avropa tribunallarından dilə gətirilməyib, gətirilsə belə disfunksionallıq özünü ikili standartlarda göstərib.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistanın, eləcə də onlarla müttəfiqlik timsalında normallaşma və daimi sülh prosesinə yaxından maraq göstərən tərəflərin mövqeləri ortadadır: Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin regiona müsbət təsirləri üzrə bütün suallara ətraflı cavab verir. Lakin, daimi sülh üçün əməli addım atılmasından çəkinən qərb siyasiləri, suyu bulandıracaq bəyanatlarla Ermənistanın daxili auditoriyasındakı qəzəbə oynamaqdadırlar. Beləcə, sanki Ermənistanın 30 illik işğalını, genosid, urbisid və kultursidini görməzlikdən gəlməyə çalışaraq, Ermənistanı növbəti təxribatlara hazırlamaqdadırlar. Əgər məqsəd daimi sülhdürsə, Azərbaycan və Ermənistandan kənar heç bir dövlətin siyasi düşüncəsi bu prosesə daxil edilməməli və ikili danışıqlar yolu ilə delimitasiya-demarkasiya, eləcə də sülh müqaviləsinin imzalanması təmin edilməlidir.
Qeyd etmək lazımdır ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etməsinə baxmayaraq hələ də dövlətləşə bilməyib, çünki Ermənistan üçün siyasi, iqtisadi müstəqillikdən və milli maraq amilindən söhbət gedə bilməz. Göz önündədir ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalılığı şəraitində iqtisadiyyati çökmə halına gəlib çatmış Ermənistanın siyasi rəhbərliyi, kimlərisə razı salmaq naminə hər paytaxt şəhərdə fərqli bəyanatlar verməkdə davam etməkdədir və qərbin ikili standartları erməni hiyləsinin motivlərini fərqli istiqamətlərə çəkərək, Azərbaycanı hədəf taxtasına yerləşdirməyə çalışır.
Cənubi qafqaz regionu sadəcə 3 dövlətdən ibarətdir. Cənab Prezidentin Gürcüstan səfərinin detalları bir daha təsdiq edir ki, regionun digər dövləti olan Gürcüstan Azərbaycanın imzasını daşıyan yeni reallıqlardan məmnundur. Regional təhlükəsizliyin sonuncu halqası olan Ermənistanın sülh və təhlükəsizlik naminə aqressiv ritorikadan kənarlaşaraq, danışıqlar və öhdəliklərini yerinə yetirməyə başlaması bütün Cənubi qafqaz üçün daha ümidverici bir gələcəyin yeganə yoludur.