Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının enerji strategiyası iqtisadi inkişafa, xalqımızın sosial rifahının yüksəlməsinə böyük təkan verməklə qarşısında duran hədəfləri uğurla dəf etməkdədir. Bu, bir həqiqətdir ki, Ulu Öndər tərəfindən təməli formalaşdırılan enerji siyasəti “Əsrin müqavilə”si ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirmişdir. Məhz bu strategiya ilk dəfə olaraq Azərbaycan dövlətinin müstəqil şəkildə öz milli sərvətini xarici bazarlara çıxarmasını təmin etdi və bundan əldə olunan gəlirlər indi Azərbaycanın sürətli inkişafına, modern bir ölkəyə çevrilməsinə yol açdı.
Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub və bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirməkdədir.
Bu baxımdan, Cənub Qaz Dəhlizi XXI əsrin bütün regionun enerji xəritəsini dəyişdirmiş bir layihədir. Ölkəmiz bu uğurlu layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlamış və bu da bütün regionun gələcəyinə geniş yol açmışdır.
Bu gün Avropa alternativ enerji mənbələrinə və bu sırada ilk növbədə, Azərbaycan qazına ehtiyacının olduğunu daha dərindən hiss edir. Cənab Prezidentin də qeyd etdiyi kimi bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Eyni zamanda əlavə bir neçə ölkə ilə də danışıqlar aparılır. Həmçinin qeyd edilməlidir ki, ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, başlıca olaraq, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.
Bildiyimiz kimi, 2024-cü il martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
Bəhs edilən iclasda Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin nazirlərinin və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirak etdiyi toplantıda ötən ilki yığıncaqdan keçən dövr ərzində layihə üzrə atılan addımlar, qarşıda duran məsələlər, gələcək planlar ətraflı müzakirə edildi.
İclasda çıxış edən Prezident İlham Əliyev bundan əvvəlki toplantıdan ötən müddətdə dünyada dəyişikliyin enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığını və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi kimi diqqət çəkdiyini bildirib.
Dövlətimizin başçısı uğurlara heç də asanlıqla nail olunmadığını, Azərbaycanın bu istiqamətdə çox böyük səy göstərdiyini xatırladıb: “Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu də əminliklə vurğulayıb ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.