Əli Həsənov: “Azərbaycan dövləti KİV-in seçki prosesinin işıqlandırılmasında obyektiv, qanunlar çərçivəsində iştirakını daim dəstəkləyir”
Seçki dövlət və ictimai təşkilatlarda vacib postların tutulması üçün keçirilən demokratik üsuldur. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalqa etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir.
Hər bir seçki müxtəlif sahələrin birgə fəaliyyətinin nəticəsində formalaşır. Seçki qanuna müvafiq olaraq MSK və onun yerli qurumları tərəfindən təşkil olunur. Qanun çərçivəsində seçicilərin səsləri sayılır, sənədləşdirilir və elan edilir. Azərbaycanda da bütün seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi bir reallıqdır. Əlbəttə, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan tam sığortalanmayıb. Lakin ümumilikdə, ölkəmizdə keçirilən seçkilər ədalətli, demokratik, şəffaf seçkilər kimi dəyərləndirilib və qarşıdan gələn parlament seçkiləri də istisna olmayacaq. Çünki seçkilər cəmiyyətdəki sabitlikdən, ovqatdan, ictimai-siyasi mühitdən və bütövlükdə yaradılan şəraitdən asılıdır. Eyni zamanda, seçkilərin demokratik keçirilməsində bütün siyasi və texniki hazırlıqlarla bərabər mətbuatın da bu prosesdə iştirakı xüsusi məqam kimi qeyd olunmalıdır. Məhz Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Oktyabrın 2-də keçirilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışı zamanı mətbuatın seçki prosesindəki rolundan danışan Əli Həsənov diqqətə çatdırıb ki, media hər bir siyasi, plüralist normalar çərçivəsində idarə olunan demokratik ölkənin ümumi seçki prosesində tərəf kimi iştirak edir: “Jurnalist vəsiqəsi kifayət edir ki, hər bir mətbuat nümayəndəsi seçkiləri əvvəldən axıra qədər müşahidə etsin. Buna görə də biz mətbuatı seçkilərin mühüm bir daxili aktoru və tərəfi kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının və fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdıran yeganə tərəfsiz institut rolunu mətbuat oynayır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr, qüvvələr, xüsusən də məğlub olan namizədlər obyektiv dəyərləndirməyə bilər, amma mətbuat tərəfsiz olaraq bu məsələləri obyektiv dəyərləndirir. Bu baxımdan, mətbuatın rolu əvəzsizdir. Bundan əlavə, seçkiqabağı təşviqat prosesində mətbuat konkret olaraq kommersiya fəaliyyətinə qoşulur. Hər bir müstəqil informasiya vasitəsi müvafiq ödəniş müqabilində müəyyən səhifələrini, efir vaxtlarını həmin o namizədlərə ayırır. Bununla bağlı müəyyən normalar var ki, bunlar da Azərbaycan Respublikasının Seçki Məcəlləsində və MSK-nın qəbul etdiyi qərarlarda öz əksini tapıb. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən, siyasi partiyalara və bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında Qanuna, Seçki Məcəlləsinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək, namizədlər üçün bərabər şərait yaratmalıdır”.
Qeyd edək ki, media informasiyanın kütləyə çatdırılması vasitəsi olub, müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə, əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. Həmçinin, mətbuat hər bir dövlətin imicinin formalaşmasında mühüm yer tutan bir resursdur.
Əli Həsənov bildirir ki, bu resursdan istifadə edərək, biz Azərbaycan dövlətinin maraqlarını və bu maraqlara söykənən siyasətini daxildə və xaricdə təbliğ edirik. Daxildə mətbuat vasitəsilə əhalinin əhval-ruhiyyəsi, dövlətin yürütdüyü siyasətə münasibəti öyrənilir. Çünki bu amillərə söykənərək ölkənin daxili siyasəti proqnozlaşdırılır, onun idarəetmə mexanizmləri yaradılır. Mətbuat bu anlamda cəmiyyətin güzgüsü rolunu oynayır: “Seçki prosesinin dəyərləndirilməsində də KİV-in rolu əvəzsizdir. Çünki KİV bu prosesdə yeganə tərəfsiz rola malikdir. Müasir dünyada imic yaratma, ictimai rəyi idarəetmə mexanizmiləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni dünyada ümumi meyil ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar”.
Ümumiyətlə, Azərbaycanda mətbuatın inkişafı üçün mühüm işlər görülüb və təbiidir ki, ölkəmizdə KİV-ləri dəstəkləmək xətti əsas götürülür. Dövlət büdcəsindən bu istiqamətdə müəyyən qrantlar ayrılır, jurnalist müsabiqələri keçirilir. Eyni zamanda, onların problemlərinin həlli ilə bağlı dövlət tərəfindən müəyyən yardımlar göstərilir. KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasi qəbul edilib və ona müvafiq olaraq fond yaradılıb. Azərbaycanda KİV sahəsində plüralist normaların formalaşmasının təməlində Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır. Ulu Öndərin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmlər ləğv edilməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməli qoyulub. Bu gün Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralist cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb orada öz fikirlərini söyləyə və başqalarilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları şərh edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya, o cümlədən, hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da Konstitusiyamızda əks olunub. Ümummilli Liderimiz tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralist cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən davam etdirilir və bundan sonra da davam etdiriləcək. Yəni Azərbaycan dövləti bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışır. Bu mənada, Azərbaycan dövləti KİV-in seçki prosesinin işıqlandırılmasında obyektiv, qanunlar çərçivəsində iştirakını daim dəstəkləyir.
Mətbuat da bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə böyük maraq göstərməkdədir. Hər gün ölkənin aparıcı KİV-lərində seçkilərə hazırlıqla bağlı müxtəlif məzmunlu materialların dərci bunun əyani göstəricisidir. Əvvəllər olduğu kimi, media orqanlarının bu dəfə də seçki kampaniyasının gedişatını, ayrı-ayrı namizədlərin platformalarının işıqlandırılmasına geniş yer ayıracağı şübhəsizdir.
sesqazeti.az