7 sentyabr Ümumdünya Turizm günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib.
Ölkədə turizmin inkişafına dair birinci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin Beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini də qoydu, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir otellərin sayı da getdikcə artır, ölkəyə gələn turistlər üçün yaradılan şəraitin səviyyəsi də ildən-ilə yüksəlir, turistlər üçün yeni imkanlar yaradılır. Bütün bu tədbirlər isə ölkəmizə gələn turistlərin sayına təsirsiz qalmır, bu say ildən-ilə artır.