Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda (BM və TB ETİ) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BM və TB ETİ-nin direktoru Vüqar Bəşirov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımdan danışıb. O bildirib ki, Xocalı faciəsi ilə bağlı Azərbaycanda və xarici ölkələrdə müxtəlif təbliğat kampaniyaları, yığıncaqlar, aksiyalar keçirilir. Artıq dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımını tanıyıb.
Çıxış edən natiqlər tarix boyu Azərbaycan xalqının başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımını dünyaya tanıtmağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulayıblar.
Tədbirin sonunda Aqrar İnkişaf Könüllülərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.