Bakı Dövlət Universitetində (BDU) 15 İyun – Milli Qurtuluş Gününün 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə BDU-da Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının, dövlətinin taleyini kökündən dəyişən bir tarix olduğunu bildirib. Rektor qeyd edib ki, həyatının məqsədi, başlıca amalı yalnız doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə həmin günlərin toxumlarını cücərdirdi: “XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı, xaos və anarxiya dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Bu ağır vəziyyətdən Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin mürəkkəb, ziddiyyətli və ağır iyun günlərində xalqın çağırışına səs verən Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda siyasi rəhbərliyə qayıtdı. Bununla da ölkəmizin həyatında yeni mərhələnin əsası qoyuldu. Xalqın çağırışı ilə Bakıya dönən Ulu Öndər yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, bir lider olaraq xalqımızın hədəflərini, gedəcəyi yolu inamla bəyan etdi”.
Bu tarixi hadisə ilə dövlətimizin parçalanma təhlükəsinin aradan qaldırıldığını bildirən rektor məhz dahi Liderin yorulmaz fəaliyyəti nəticəsində siyasi-iqtisadi sabitliyin yarandığını, ölkəyə böyük həcmdə sərmayələr cəlb edildiyini, əhalinin rifahının yüksəldiyini vurğulayıb: “Ulu Öndərimizin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycan postsovet ölkələri ilə müqayisədə keçid dövrünün çətinliklərini daha uğurla arxada qoydu, sürətli dirçəliş mərhələsinə daxil oldu. Xalqımızı bəlalardan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər qısa müddət ərzində bugünkü qüdrətli Azərbaycanın prioritetlərini müəyyənləşdirdi, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını hazırladı. Dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsi isə həmin prioritetləri, inkişaf konsepsiyasını özündən sonra həyata keçirəcək siyasi varisini yetişdirməsi oldu. Ulu Öndər Heydər Əliyevin bütün arzuları, ən əsası, özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 200 illik tariximizin ən böyük qələbəsini qazandı. 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında heç bir gün çəkməyən antiterror tədbirləri ilə 30 illik erməni işğalı başa çatdı, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir!”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin deputatları – Sevinc Fətəliyeva, Naqif Həmzəyev çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.
Tədbirin sonunda BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə” sənədli filmi nümayiş edilib.