Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Təəssüflər olsun ki, Azərbaycan xalqı heçdə yaxşı qonşu hesab edilməyən ermənilər tərəfindən tarixin müxtəlif dövrlərində, dəfələrlə insanlığa sığmayan vəhşiliklərə məruz qalmışdır. İnsanlarımızın öz dədə-baba yurdlarından qovulması, onların var-dövlətinin talan olunması, tarixi ərazilərimizin işğal edilməsi və ən əsası silahsız dinc soydaşlarımıza qarşı soyqırımların (Genosid) törədilməsi. Əlbətdə ki, bunlardan ən təhlükəlisi bütöv bir xalqa qarşı törədilmiş genosiddir. Genosid – bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə təmamilə və ya qismən məhv edilməsidir. Ermənilər tarix boyu, əllərinə fürsət düşdükcə türk soyuna qarşı nifrət bəslədiklərini açıq-aşkar ifadə etmiş və soyqırımlar həyata keçirmişdir. Tarixi cinayətlərini ört-basdır etmək üçün özlərinə qarşı genosid əfsanəsi uydurmuş və indi də bəşəriyyətə yalan söyləməkdədirlər. Biz azərbaycanlılar dünyanın ən dəhşətli soyqırımlarına məruz qalmış xalqlarındanıq. Rusiya-İran müharibələri nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Şimali Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölüşdürülməsinin əsası qoyuldu, ona qarşı soyqırımlar dövrü başlandı
Ermənilərin Azərbaycan ərazilərinə və Azərbaycan xalqına qarşı son qəsdi XX əsrin sonlarında, yəni 1988-1994-cü illərdə baş verdi. Bu ilərdə son günlərini yaşayan Sovet imperiyasındakı qarışıqlıqdan istifadə edən ermənilər Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürməyə başladılar. Planlarını həyata keçirtmək üçün Azərbaycanın müxtəlif bölgələrində təxribatlar törətdilər. Bütün cərəyan edən hadisələrə Sovet rəhbərliyi nəinki səssiz qalır hətta ermənilərə hərbi, maddi və siyasi baxımdan yardımlar edirdi. Baxmayaraq ki, azərbaycanlılarda SSRİ vətəndaşı idi və Moskva qarşısında SSRİ-nin bütün vətəndaşları ilə eyni hüquqlara malik idi.
Erməni təxribatlarına Sovet rəhbərliyinin göz yumması və imperiyanın bütün dayaqlarının laxlaması uzun illərdir müstəqillik arzusunda olan azərbaycanlıları 1980-ci illərin sonuda azadlıq mübarizəsinə qaldırdı. Milyonlarla azərbaycanlı meydanlara atılaraq öz suverenliyi uğrunda mübarizəyə qalxdı. Nəticədə xalq 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik Azərbaycana böyük qurbanlar hesabına başa gəldi. 100 minlərlə azərbaycanlı rus və erməni quldurları tərəfindən öz tarixi yurdlarından qovuldu, var-dövlətləri talandı və vəhşicəsinə qətlə yetirildi. Ərazilərimizin böyük bir hissəsi ermənilər tərəfindən zəbt edildi.
1990-cı ilin 20 yanvarında öz haqqını tələb edən, meydanlara atılmış xalqa qarşı Sovet Rusiyasi Azərbaycanda mövcud olan və tərkibinin əksəriyyəti ermənilərdən ibarət olan SSRİ qoşunlarından istifadə etməklə silahsız əhaliyə qarşı silah tətbiq etdi. Qoca, uşaq, qadın demədən böyük qətliam törətdi. Nəticədə yüzlərlə insan öldürüldü, minlərlə insan yaralandı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə daha böyük faciə yaşandı. Qarabağın Xocalı şəhərində, ermənilər Rusiyanın 366-cu alayının iştirakı ilə XX əsrin ən böyük vəhşiliklərindən birini törətdilər. Qədim tarixi mədəniyyət abidəsi olan Xocalı şəhəri vəhşilər tərəfindən məhv edildi. 10 minə yaxın əhalisi olan Xocalı şəhərində 5 mindən artıq insan zorakılığa məruz qaldı. Nəticədə 613 ölü, minə yaxın yaralı, 3 minə yaxın itkin düşmüş yəni əsir düşmüş Xocalı sakini və öz dədə-baba yurdlarından didərgin düşmüş dinc əhali. Bu dünya tarixinin insanlığa qarşı törədilmiş ən vəhşi genosidlərindən biri idi. Uzun müddət öz siyasi qiymətini ala bilməyən Xocalı hadisəsi nəhayət Ulu Öndər Heydər Əliyevin xüsusi diqqəti ilə öz siyasi qiymətini ala bildi. Ümummilli Lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan edildi və bütün beynəlxalq təşkilatlara məlumat verildi.
Ümumiyyətlə 1988-1994-cü illərdə Qarabağ müharibəsi zamanı 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Bir milyondan artıq insan öz dədə-baba yurdlarından, evlərindən didərgin düşüblər və bu dəqiqədə ağır şəraitdə yaşamağa davam edirlər. Azərbaycanın cənnət guşəsi olan Qarabağdan başqa onun ətrafındakı Kəlbəcər, Laçın, Ağdam, Fizuli, Qubadlı, Zəngilan, Cəbrayıl kimi yeddi böyük rayon işğal olunmuşdu. Ancaq öz tarixini, vətən torpaqlarını unutmayan, şərəfinin və namusunun tapdanması ilə heç bir zaman razılaşmayan Azərbaycan xalqı 2020-ci ilin sentyabr ayında başlayan vətən müharibəsində öz ordusunun və liderinin ətrafında “Dəmir yumruq” kimi birləşərək böyük qələbə qazandı və öz torpaqlarını düşmən tapdağından azad etdi. Azərbaycan dövlət və xalq olaraq artıq Qarabağda və işğaldan azad olunmuş bütün ərazilərdə böyük quruculuq işlərinə başlamışdır. Xocalı şəhəri demək olar ki, yenidən bərpa edilmiş və öz sakinlərini hissə-hissə qəbul etməkdədir. Əminəm ki, tezliklə bütün işğaldan azad olunmuş ərazilər yenidən cənnətə çevriləcəkdir və vaxtilə oradan qaçqın düşmüş şəxslər yenidən öz dədə-baba yurdlarına geri qayıdacaqlar.
Xocalı faciəsinin bütün dünyada soyqırım kimi tanınması üçün əlindən gələni edən Azərbaycan hökuməti “Xocalıya ədalət” adı altında siyasi və ictimai kompaniya həyata keçirməkdədir. Ancaq böyük dövlətlər, beynəlxalq təşkilatlar və əksər dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanısalarda bu vəhşiliyə, bu acınacaqlı məsələyə göz yummaqda və susqun qalmaqda davam edirlər.