Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
XX əsrin daha bir dəhşətli soyqırımı Xocalıda törədilib. Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda əli silahsız əhaliyə – qadınlara, qocalara, uşaqlara qarşı törətdiyi soyqırımı ağır bəşəri cinayətdir. 366-cı motoatıcı alayının bu hadisədə iştirak etməsinin bəlli səbəbi var idi. Sovet dövründə Cənubi Qafqazdakı SSRİ-nin hərbi birləşmələrində xidmət edənlərin 40%-i erməni olub. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Xocalını hədəf almaqda məqsəd qədim yaşayış məskənlərindən biri olan, böyük strateji əhəmiyyət daşıyan Xocalı şəhəri Ağdam – Şuşa, Əsgəran – Xankəndi yolunun üstündə yerləşirdi. Bu yol ilə Şuşa ilə əlaqə saxlanılırdı. Şəhərdə Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ regionunda yeganə hava limanı var idi. Hava limanının ələ keçirilməsi Ermənistanın Azərbaycan ərazilərinə qanunsuz silah-sursat, terrorçular daşımasına və yeni əraziləri işğal etməsinə kömək edəcəkdi. Bu şəhər dünya arxeologiya elminə Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub.
1991-ci ilin oktyabrından Xocalı Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı. Şəhərə gedən bütün avtomobil yolları bağlanmışdı. Əlaqə yalnız helikopterlə saxlanılırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhərlə helikopter əlaqəsi də kəsilmiş, ağır vəziyyət yaranmışdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. İnsanlar ümidsiz vəziyyətdə qalmışdılar. Təcavüzkar Ermənistan silahlı birləşmələri və Xankəndidə yerləşən 366-cı motoatıcı alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində mühasirədə saxladıqları azərbaycanlı əhaliyə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, səhərə yaxın üç tərəfdən hücum edərək bir tərəfi açıq saxladı. Bu, erməni terror təşkilatlarının ənənəvi taktikası idi. Səhərə yaxın əhali yuxuya gedir, müqavimət azalır, qəfil hücum etdikdə onlar özlərini toparlaya bilmirlər. Şəhərin yolunun bir tərəfinin açıq saxlanılması isə əhalinin müqavimət göstərməsinin qarşısını almaq məqsədi güdürdü. Əgər şəhər dörd tərəfdən mühasirəyə alınardısa müqavimət güclü olar və hücum edənlər çox itki verərdilər. Boş saxlanılan bir tərəfdən sakinlər çıxanda onları öldürmək daha asan olurdu. Xocalıda da belə oldu. Qaçıb canını qurtarmaq istəyənlər amansızlıqla öldürüldülər.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.
Xocalı soyqırımını törətməklə ermənilər azərbaycanlıları qorxutmağa, işğalçılıq niyyətlərin davam etdirmək üçün ən qəddar üsullara əl atmağa hazır olduğunu göstərdi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarkisyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində etiraf edirdi: “Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”. Erməni terrorçuları M.Melkonyan və S.Melkonyan isə yazırdılar ki, Xocalı sakinləri altı mil qət edərək demək olar təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.
Xocalı soyqırımı Azərbaycan xalqının tarixində heç vaxt unudulmayan bir tarixdir. Düşmənin Xocalıda törətdikləri bir daha göstərdi ki, erməni düşmən deyəndə biz türkləri nəzərdə tutur. Vaxtilə erməni ideoloqu Qaragen Njde öz təlimində yazırdi: ”Sonuncu türk kar ola, kor ola, o da öldürülməlidir.” Xocalı faciəsi haqqında hadisənin şahidi, ixtisasca həkim olan Zori Balayan yazır: “On üç yaşlı türk qızının dərisini yeddi dəqiqəyə soydum. Onun can verməsi səhnəsi həyatımın ən xoş dəqiqələri oldu”. Erməni caniləri Qarabağ torpaqlarında azərbaycanlı əhaliyə qarşı dünyanın ən qəddar əməllərini törətdilər, dini və tarixi abidərimizi məhv etdilər, kənd və şəhərlərimizi xarabazara çevirdilər. Ən dəhşətlisi o idi ki, dünyanın gözü qarşısında Xocalıda yüzlərlə günahsız insan ən amansız üsullarla qətlə yetirildi, amma Qərb cəmiyyəti erməni vəhşiliyinə bəraət qazandırdı.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Cinayətlərini ört-basdır etmək məqsədilə erməni silahlıları kütləvi qətliamın baş verdiyi yerə jurnalistləri gətirən helikopterləri atəşə tutublar. Buna baxmayaraq, televiziya müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dünyanı sarsıdan görüntüləri lentə almağı bacarıb.
O zamankı Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirdi. Vətəndaşların hiddətinin həddi-hüdudu yox idi. Onlar Ermənistanın hərbi təcavüzünü dayandırmaqdan ötrü qəti addımların atılmasını tələb edirdilər. Azərbaycan hakimiyyəti isə zəif və gücsüz idi. Bakıda davam edən və getdikcə güclənən mitinq iştirakçıları hakimiyyətin istefasını tələb edirdilər. Artan təzyiqlər qarşısında Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarova istefa verdi. Bu vəzifəyə Yaqub Məmmədov seçildi. Az sonra Prezident A. Mütəllibov da istefaya getdi. 1992-ci ilin mayında Şuşa işğal edildikdən sonra A.Mütəllibovun hakimiyyətə qayıtmaq cəhdinin qarşısı alındı.Ölkə daha dərin xaos və anarxiya dövrünə qədəm qoydu.
Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “hücum diplomatiyası” kursunun həyata keçirilməsi müstəsna rol oynadı. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyəti və 2008-ci ildən başlayan “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra ölkələrində bu hadisə soyqırımı kimi tanınıb, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə bu barədə dərs kitablarına məlumatlar daxil edilib, filmlər çəkilib. Dünyanın müxtəlif dillərində kitabçalar və əsərlər çap edilib, elmi konfranslar keçirilib. Bu fəaliyyətlər indi də davam etdirilir.
2020-ci ilin payızına qədər uğursuz ATƏT-in Minsk qrupu Qarabağı Ermənistana vermək üçün əlindən gələni etdi. Minsk qrupun həmsədrləri bir dəfə olsun Ermənistanı işğalçı adlandırmadılar. Azərbaycanın haqq işini müdafiə etmədilər. Azərbaycan bu illər ərzində xalq və iqtidar birliyinə nail oldu, güclü iqtisadiyyat yaratdı, problemin tarixiliyini bütün dünyaya çatdırmağa nail oldu, güclü ordu yaratmağa nail oldu. 44 günlük Vətən Müharibəsi hər şeyi kökündən dəyişdi. Düşmən darmadağın edildi, Qarabağ işğaldan azad edildi, Ermənistanı müdafiə edən dövlətlərin təhdid və təzyiqləri nəticəsiz qaldı. Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə dillər əzbərinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və cəsarəti hamını heyran qoydu.
İndi Xocalı şəhidlərinin ruhu şaddır, çünki onların və bütün şəhidlərimizin intiqamı alınıb. 1923-cü ildə Qarabağda bolşeviklər tərəfindən zorla yaradılan Muxtar qurum 100 ildən sonra 2023-cü ildə tarixdən silindi. Bu gün üçrəngli Bayrağımız Azərbaycanın bütün ərazisində şərəflə dalğalanır. Dövlət başçısı İlham Əliyevin bu çağırışı ilə desək: “Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa olunacaq. Amma ermənilərin bizə qarşı törətdiklərini heç vaxt yaddan çıxarmamalıyıq”. Bəli, Xocalı soyqırımı hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
44 gün davam edən II Qarabağ müharibəsi, əslində, xalqımızın illərlə qəlbinə yığılmış, qalaqlanmış, düşmənə olan nifrətin, intiqam hissinin nəticəsi idi. Düşmən işğalından azad edilən şəhərlərin, kəndlərin sevindirici xəbərini aldıqda hər bir azərbaycanlının qəlbi Xocalı və Şuşa şəhərlərinin azadlıq xəbərinin sorağına kökləndi. Bütün Xocalı sakinləri kimi Azərbaycan xalqı əmin idi ki, Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə Xocalı şəhəri və Xankəndi düşmən işğalından azad olunacaq. Çünki Xocalı və Xankəndinin azadlığı digər torpaqlarımızla müqayisədə daha böyük mənəvi səciyyə və əhəmiyyət daşıyırdı. Təbiidir. Çünki bu illər ərzində Xocalı şəhəri xalqımız üçün sanki bir şəhər olmaqdan, yalnız torpaq məsələsi olmaqdan çıxmış, milli təəssübkeşlik və qeyrət rəmzinə çevrilmişdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.