Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Xalqımıza qarşı erməni millətçilərinin məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlardan qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. 1918-ci ilin mart soyqırımları isə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olmaqla yanaşı öz amansızlığına, miqyasına görə bəşər tarixinin ən qanlı faciələrdən biridir.
Son 200 il ərzində tarixi, əzəli-əbədi torpaqlarından qovulan, qaçqına, məcburi köçkünə çevrilən, kütləvi qırğınlarla məruz qalan məhz Azərbaycan xalqı olub. Soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirib, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. Sərsəm, mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmiş erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında da Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib, insanları işgəncələrə məruz qoyublar. Yaşayış məntəqələri dağıdıb, mədəniyyət abidələrini, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və qəbiristanlıqları yerlə-yeksan ediblər. Erməni cəlladları Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, uşaq, qoca, qadın demədən dinc əhalini xüsusi amansızlıqla qətlə yetiriblər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da qılıncdan, süngüdən keçirərək diri-diri yandırılıb.
Bu dəhşətli faciədən düz 80 il sonra – 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə hüquqi – siyasi qiymət verildi, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, araşdırmalar aparılıb. Quba şəhərində aşkarlanan kütləvi məzarlıq, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olmasının təsdiqidir.
Azərbaycan xalqına qarşı zaman-zaman erməni millətçilərinin keçirdikləri etnik təmizləmə, soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fərman və sərəncamlar imzalanıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlayıb, tezliklə bu yerlərə həyat qayıdacaq.
Erməni millətçiləri tərəfindən törədilən “31 mart azərbaycanlıların soyqırımı”ndan 1 əsrdən çox vaxt keçib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. 44 günlük Vətən müharibəsində 200 il ərzində, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərdə erməni vandallarının azərbaycanlılara qarşı amansızlıqlarının, qəddarlıqlarının, xalqımızın yaşadığı tarixi faciələrin qisası alındı, erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabı verildi.