Polşada keçiriləcək Fredrik Şopen adına klassik musiqi müsabiqəsinə 160-dan çox pianoçu qatılacaq.
AZƏRTAC xəbər verir ki, dünyanın 33 ölkəsindən musiqiçilərin qatılacağı müsabiqədə Azərbaycan da təmsil olunacaq.
Bu il 18-ci dəfə keçiriləcək Frederik Şopen adına beynəlxalq musiqi müsabiqəsinə maraq və iştirakçıların sayı ilbəil artır. Təkcə Çindən builki müsabiqədə iştirak üçün 100-dən çox pianoçu müraciət edib. Qalibi 40 min avro mükafat alacaq müsabiqədə yaşı 16-30 olan musiqiçilər iştirak edə bilərlər.
Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də təşkil olunacaq. Qaliblər isə oktyabrın 2-də keçiriləcək final konsertində 80 nəfərin arasından seçiləcək. Konsertin təşkilatçısı, Frederik Şopen adına Milli İnstitutun rəhbəri Artur Şklener bildirib ki, koronavirusla bağlı təhlükə davam edərsə, seçim turları sentyabradək təxirə salına bilər.