Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya olunan, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş beynəlxalq aləmdə nüfuz sahibi olan qalib dövlətdir. Dövlətimiz beynəlxalq əhəmiyyətli kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə qadir olaraq, zəngin iqtisadi potensiala malikdir. Həyata keçirilən uğurlu islahatlar konsepsiyasının müəllifi Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və ölkəmizin iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb.
Azərbaycanın iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir. Ölkəmizin mövqeyi region dövlətləri içərisində getdikcə daha da artmaqdadır. Ölkənin inkişafını regionları inkişaf etdirmədən təsəvvür etmək qeyri-mümkündür. Ölkə Prezidenti cənab İlham Əliyevin ilk prezidentlik dövründən başlayaraq “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları”nın qəbul edilməsi, iqtisadi inkişaf yolunda atılan mühüm addımlardandır. Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub. Bu dövrdə qarşıda duran məqsədlərdən ən mühümləri milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası və s. məsələlərdir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin sentyabr ayının 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib. Cənab Prezident çıxışı zamanı diqqəti mühüm məsələlərə yönəldib: “Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Mənim Milli Məclisdəki çıxışımda əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.” Dövlətimizin başçısı iqtisadi müstəqilliyin bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandığını vurğulamış, bunun Azərbaycanın müstəqil xarici siyasət apara bilməsində olduqca əhəmiyyətli rol oynadığını bildirmişdir. Eyni zamanda, xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyi və bu kimi digər əhəmiyyətli məsələlər müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Müşavirədə gələcək iqtisadi inkişafla bağlı geniş müzakirələr aparılmışdır. Aparılan müzakirə və əldə edilmiş nəticələrin, qəbul ediləcək qərarların Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcəyini əminliklə deyə bilərik.