2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Mehman Rzayev, Səbinə Əlizadə və başqaları çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, dövlət başçısı İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində böyük əminliklə verdiyi vədlər bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 2003-cü ildən başlanan yolun uğurlarına qısa baxış belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan zəfər dastanı yazmaqda davam edir. Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, qarşıya qoyulan əsas hədəflərə nail olundu. Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! 20 ildə əldə edilən mühüm nailiyyətlər Azərbaycanın tarixinə uğurlu dövr kimi həkk olundu. Qarşıdan gələn illərdə də Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi ədalətə söykənərək tarixinin zəfər səhifələrini daha da zənginləşdirəcək. Yeni dövrün başlanğıcında Azərbaycan daha da inkişaf edəcək və yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyəcək.
Natiqlər 7 fevral tarixində tədbir iştirakçılarını Prezident seçkilərində fəallıq göstərməyə, qalib xalqın qalib Liderinə- cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında başa çatıb.