Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Azərbaycan tarixən şimal qonşusu Rusiya ilə yüksəksəviyyəli münasibətlər qurub. Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri iki ölkə arasındakı dostluq münasibətlərinin bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev qeyd edilən səfər çərçivəsində Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə onu da qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
“Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir” – deyə qeyd edən Azərbaycan Prezidenti cənab İlham Əliyev əminliklə bildirib ki, bugünkü görüş münasibətlərimizin inkişafına yeni təkan verəcək.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi səfər çərçivəsində keçirilən görüşlərdə xüsusi qeyd edilib. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, sənədlərin imzalanması da əhəmiyyətli rol oynayır. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri iki qonşu ölkə arasında münasibətlərdə tamamilə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynayan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yadda qaldı. Bu, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Birgə Bəyannamə Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafına davamlı töhfələr verir. Belə ki, dövlətimizin başçısı Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar oldu. Ölkə Prezidentinin Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynadı.
Regional təhlükəsizlik məsələlərinin həmişə ikitərəfli görüşlərin gündəliyində olduğunu qeydedən ölkə Prezidentimiz bildirib ki, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”.
Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə söylənən fikirlər bir daha təsdiq edir ki, Azərbaycanın region, dünya siyasətində rolu durmadan artır.