Bu dəfəki qonağımız “Yeni Azərbaycan Partiyası” Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevdir.
Xeber24.az həmin müsahibəni təqdim edir:
Fəaliyyətiniz necə gedir? Pandemiya işinizə necə təsir göstərib?
Normal iş fəaliyyətimizi davam etdiririk. Təbii ki, pandemiya işlərimizə təsir göstərdi. Seçicilərimizlə canlı ünsiyyətdə ola bilmədik. Lakin biz digər vasitələrdən istifadə edirik, onlayn görüşlərimizi mütəmadi olaraq keçiririk. Artıq 2021-ci ilin yanvar ayından başlayaraq çalışırıq ki, sosial məsafəni qorumaq şərti ilə seçicilərimizlə canlı şəkildə görüşlər təşkil edək. Mütəmadi olaraq bu görüşlərdə iştirak edirəm, Milli Məclisin iclaslarında iştirak edirəm. Bizə ünvanlanan məktubları aidiyyəti orqanlara yönləndirərək problemlərin həllinə çalışırıq. Daim gənclərin fəaliyyətini izləyirik və gənclərlə birlikdə layihələr həyata keçirməyə çalışırıq. Dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasətin təbliği və insanlara doğru şəkildə çatdırılması istiqamətində üzərimizə düşən işləri görürük.
Akademik fəaliyyətiniz necə gedir?
Bildiyimə görə təhsil almağa davam edirsiniz.
Mən “XIX əsrin sonu-XX əsrdə erməni siyasi düşüncəsi və siyasi partiyaları” mövzusunda elmi işimi Türkiyədə müdafiə etmişəm, Fırat Universitetinin məzunuyam. Eyni mövzuda Türkiyədə kitab çap etdirmək, daha sonra Avropada ingiliscə kitab çap etdirmək fikrim var. Bununla yanaşı, həmişə tarix üzrə təhsil alsam da, iqtisadiyyatı da öyrənmək üçün hal-hazırda Çinin Renmin Universitetində ikinci magistr təhsilimi alıram. Təhsilimi başa vurduqdan sonra Çin dilini daha mükəmməl şəkildə öyrənmək istəyirəm.
Sosial şəbəkələrdə aktiv olan deputatlardan birisiniz. Yəqin ki, seçicilər sizinlə daha çox burada əlaqə saxlayırlar.
Mən öz sosial media hesablarımı özüm idarə edirəm. Çox sayda mesajlar gəlir. İstənilən müraciəti ciddi qəbul edirik, əgər əlaqə nömrəsi varsa, zəng edib həmin şəxslə danışırıq və ya cavab yazırıq ki, bizim saytımıza daxil olaraq oradan elektron müraciət vasitəsi ilə müraciətini daha ətraflı şəkildə çatdırsın. Bu zaman istəyirik seçicilər müraciətlə birlikdə vəsiqələrini və ya nömrələrini də bizə göndərsinlər. Çünki bəzən sosial şəbəkədə belə müraciətlər olanda şübhələnirsən ki, bəlkə ciddi məsələ deyil, bəlkə başqa məqsədlə bu müraciəti edir? Sosial şəbəkədə bunu bilmək olmur. Bəzi insanlar isə sırf görüşmək istəyirlər, bu zaman görüş təyin edirik. İstənilən halda çalışırıq ki, vətəndaşı dinləyə bilək, çünki məqsədimiz budur. Əgər problem bizim səlahiyyətimiz çərçivəsindədirsə, həll edirik, deyilsə, hüquqi yardım göstəririk.
Sizcə niyə insanlar bütün problemlərin həllini deputatlarda görür, sosial şəbəkələrdə daha çox onları tənqid edirlər?
Əvvəllər deputatların səlahiyyətləri daha geniş idi. Həm də deputatlar insanlar üçün daha əlçatandır. Hansısa bir məmurun qəbuluna düşmək çətin ola bilər, ancaq deputatın qəbuluna düşmək çox asandır. Deputat da vətəndaşı qəbul etməlidir, çünki vətəndaşın vəkilidir, vətəndaşla məmur arasında körpü rolunu oynamalıdır. Ona görə də, vətəndaş umduğu yerdən küsür. Hər şeyin həllini deputatdan gözləyir. Deputat da çalışmalıdır məsələni həll etsin, və ya aidiyyəti orqanlara yönəldərək problemin həllinə yardım etsin. İstənilən halda vətəndaşlar haqlıdır.
Parlamentdəki gənc və yeni həmkarlarınızın fəaliyyəti ilə bağlı nə düşünürsünüz?
Yeni parlamentdə gənc, savadlı və bacarıqlı deputatların sayı artıb. Gənc deputatlar da təcrübəli həmkarlarından hər zaman nələrisə öyrənirlər, bəhrələnirlər. Sevinirəm ki, gənc deputatların sayı artıb. Fikrimcə, hər keçən seçkilərdə Parlamentdə gənc deputatların sayı artacaq.
Hal-hazırda Parlamentdə təklif etmək istədiyiniz hansı məsələlər var?
Gənclərimizi narahat edən bir neçə məsələ var ki, o məsələləri Milli Məclisdə qaldırmaq istəyirəm. Pandemiya dönəmində dövlətimiz təhsil haqlarının ödənilməsi ilə bağlı çox gözəl qərar verdi. Aztəminatlı ailələrin təhsil haqları 2020 və 2021-ci illərdə ödənildi. Bu çox yaxşı bir addımdır. Həmçinin bilirsiniz ki, dövlət imtahanları aradan qaldırıldı ki, bu da tələbələr üçün yaxşı oldu. Lakin bütün bunlara baxmayaraq, bəzi ailələrin övladları var ki, təhsil haqlarını ödəyə bilmirlər, nəticədə imtahanlara buraxılmır və kəsilirlər. Bu problemi aradan qadırmaq üçün mən təklif edəcəyəm ki, həmin tələbələrə imtahana girmələri üçün icazə verilsin.
İkincisi təklifim budur ki, şəhərlərarası qatar və təyyarə səfərləri də bərpa olunsun.
Ölkəmizdə medianın durumundan, jurnalistlərin deputatlarla işindən razısınız?
Mən həmişə mediaya açıq olmuşam, jurnalistlərlə dost olmağa çalışmışam. Lakin təəssüf ki, bəzən yanlış informasiya yazan, tənqidi təhqirlə qarışdıran, həqiqətlərə kölgə salan sayt və jurnalistlər də qarşımıza çıxır. İndi o saytların sayı azalmaqdadır. Ümid edirəm ki, yaxın illərdə ümumiyyətlə belə sayt və jurnalistlər olmayacaq. Hal-hazırda medianın inkişafı ilə bağlı fərqli siyasət həyata keçirilir, düşünürəm ki, “reket jurnalistika” dediyimiz jurnalistika artıq olmayacaq və bu peşəyə ləkə salanlar artıq cəmiyyətmizdə olmayacaqlar. Belə halda jurnalistlər də öz işini daha yaxşı görəcək, məmur və deputatlar da jurnalistlərlə daha rahat çalışacaqlar, suallarını rahat cavablandıracaqlar. Çünki mən dəfələrlə rastlaşmışam, xəbərə aidiyyəti olmayan başlıqlar qoyurlar. Xüsusən müharibə dövründə gördük ki, bizim peşəkar jurnalistlərə ehtiyacımız var. Bu dövrdə Türkiyə mediası bizə çox dəstək oldu.
Müharibə dövründən söhbət düşmüşkən, necə düşünürsünüz, bu zəfərimizdən sonra siyasi arenada Azərbaycan üçün nələr dəyişdi?
Azərbaycan bu 30 ildə çox çətin dövr yaşadı. Çünki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox çalışırdı. Ermənilər dünyaya yanlış bir tarix sırımışdılar. Erməni lobbisi də bu yalançı tarixi təbliğ edirdi. Lakin Azərbaycan həqiqətlərini bəzi beynəlxalq təşkilatlar və dövlətlər görmək istəmir, və ya görməzdən gəlirdilər. Xüsusən son 10 il ərzində isə bu beynəlxalq təşkilatların mövqeyi dəyişmişdi, artıq onlar həqiqətləri anlayırdılar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində o təşkilatların edə bilmədiyini etdi, o 4 qətnaməni yerinə yetirdi. Bununla da Azərbaycanın bu illər ərzində necə inkişaf etdiyini, necə güc sahibi olduğunu dünyaya göstərdik.
Hal-hazırda artıq işğaldan azad olunan ərazilərə qayıdış proqramı həyata keçirilir, dost Türkiyənin şirkətləri bu prosesə cəlb edilib. Artıq 28 may ilə əlaqədar olaraq Prezident İlham Əliyevə göndərilən təbrik məktublarını oxusaq görərik ki, Azərbaycana qarşı mövqe müsbət mənada dəyişib. Eyni gündə həm Avropa İttifaqının rəhbərinin, həm də Çinin prezidentinin İlham Əliyevə zəng etməsi göstərdi ki, Aİ-Çin münasibətlərində Azərbaycanın rolu böyükdür.
Zəngəzur dəhlizi açıldıqdan sonra isə, Azərbaycanın regiondakı gücü daha da artacaqdır.
Müsahibə üçün təşəkkür edirik. Gələcək fəaliyyətinizdə uğurlar.