Könül Süleymanova,
Gəncə şəhəri, 7 saylı tam orta məktəbin direktor müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə, ölkənin xarici siyasət prioritetləri, müdafiə strategiyası və regional təhlükəsizlik məsələləri baxımından mühüm mesajlarla yadda qaldı. Müsahibədə toxunulan əsas mövzulardan biri də Türkiyənin Azərbaycanda hərbi baza yaradılması ilə bağlı mümkün ssenarilər idi. Bu məsələ son illərdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı kontekstində beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq qədim tarixi və strateji bağlara əsaslanır. 44 günlük Vətən müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyi bu əməkdaşlığı daha da gücləndirdi. İki ölkə arasında bağlanmış Şuşa Bəyannaməsi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu bəyannamə, əslində, regional təhlükəsizlik mexanizmlərinin birgə təmin olunmasına yönəlmiş addımlardır.
Prezident İlham Əliyev müsahibəsində Türkiyə ilə hərbi əlaqələrin genişləndirilməsi mövzusunda konkret mövqeyini açıqlayaraq, belə bir bazanın yaradılması ilə bağlı hər hansı zərurətin olmadığı fikrini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü, Türkiyə ilə müttəfiqlik əlaqələri və mövcud təhlükəsizlik təminatları bu cür bazaların qurulmasına ehtiyac qoymur.
Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsi son dövrlərdə beynəlxalq və yerli mətbuatda geniş müzakirə olunur. Bu cür baza, həm siyasi, həm də hərbi baxımdan müxtəlif təsirlərə malik ola bilərdi. Lakin Prezident İlham Əliyevin açıqlamaları göstərir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasətini qoruyaraq bu mövzuda ehtiyatlı yanaşma sərgiləyir.
Cənubi Qafqaz regionunda geosiyasi tarazlıq həssas xarakter daşıyır. Azərbaycan Rusiya, İran və digər regional oyunçularla sıx əlaqələr saxlayır. Türkiyənin hərbi bazasının yaradılması isə bəzi qonşu ölkələrdə əlavə narahatlıqlara səbəb ola bilər. İlham Əliyev bu məsələni diqqətlə nəzərdən keçirərək, Azərbaycanın milli maraqlarına əsaslanan qərarlar qəbul etdiyini bəyan edib. Azərbaycan xalqının Liderinin qeyd etdiyi kimi, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər güclü resurslara malikdir.
Prezident Əliyevin çıxışı Türkiyə ilə strateji müttəfiqliyin və Rusiya ilə mehriban qonşuluq siyasətinin paralel davam etdirildiyini göstərir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi və milli maraqların qorunması prioritet olaraq qalır.
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan öz milli təhlükəsizliyini təmin etmək üçün çoxşaxəli siyasət yürüdür. Azərbaycan beynəlxalq arenada müstəqil və balanslı mövqeyini qoruyaraq, həm regional, həm də qlobal güclərlə qarşılıqlı faydalı əməkdaşlıq siyasətini davam etdirir.