Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Tarixən neft-qaz ölkəsi kimi tanınan dövlətimiz bu gün də dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür.
Bu sahədə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bəhs edilən layihələr, eyni zamanda, dövlətimizin müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Bu layihələrin həyata keçirilməsi Ulu öndər Heydər Əliyevin milli maraqlara söykənən enerji strategiyasının yeni erasını açmışdır.
Məlumdur ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması ilə respublikamız Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Şahdəniz” yatağında qazın istismarının genişlənməsi isə ölkənin daxili tələbatını tam ödəməklə yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Bu, dövlətimizin iqtisadi qüdrətinin durmadan artmasının bariz nümunəsidir. Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən yuxarıda adını çəkdiyimiz “Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz” 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir.
Bu gün neft və qaz sazişləri üzrə aparılan işlər artıq keyfiyyətcə yeni, həlledici mərhələyə daxil olub.
2023-cü il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması enerji sahəsində əməkdaşlığa yeni töhfələr verəcəkdir.Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Prezidentimiz cənab İlham Əliyevin Anlaşma memorandumu imzalandıqdan sonrakı çıxışı əməkdaşlığın inkişafına əyani sübutdur: “Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq”.
Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Azərbaycan Respublikası enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırmaqla yanaşı, bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq əslində, həm də regionun təhlükəsizliyinə xidmət etmiş olur.