Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Tarixən neft-qaz ölkəsi kimi tanınan, zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Bu gün həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayan Azərbaycan regionun milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atan ölkədir.
30 il əvvəl Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi ilə təməli qoyulan Bakı Enerji Həftəsi çərçivəsində 2024-cü ilin 4 iyunda Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi Azərbaycanın neft-qaz strategiyası tarixinə uğurlu bir addım kimi əlavə olundu. Regionun enerji sahəsində mühüm hadisə kimi tarixə öz imzasını atan tədbirdə Azərbaycanın yeni neft strategiyasının yaradıcısı Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, müstəqil Azərbaycan Cənubi Qafqazın əsas söz sahibidir.
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir – deyə bildirən ölkə Prezidentimiz cənab İlham Əliyev onu da qeyd edib ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik
30 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyasının şanlı səhifəsi yazıldı. Bu il ərzində müxtəlif çətinliklərə və maneələrə sinə keçərək uğurla həyata keçirilən “Əsrin müqaviləsi”ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin edib və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan verdi. “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatdı, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verdi.
İyunun 4-də regionun uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan Azərbaycanda Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməli qoyuldu.
Ölkə Prezidentimiz Bakı Enerji Həftəsinin təkcə regionun deyil, eləcə də bütün dünya dövlətlərinin enerji təhlükəsizliyinə verdiyi töhfələri vurğulayıb:”Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”
Fəxr ediləsi haldır ki, Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.
Bütün bunlar sübut edir ki, enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycan qoca qitənin enerji layihələrinin reallaşdırılmasında mühüm rol oynayır.