Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Qarabağ regionunda şəhərlər ilə işləməyə və onları AYİB-in “Yaşıl Şəhərlər” proqramında görməyə hazırdır.
yenigence.com bildirir ki, bunu trend-ə müsahibəsində AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
“Energetika Nazirliyinin ilkin hesabatlarına görə, Qarabağ regionu bərpa olunan enerji mənbələri üçün böyük potensiala malikdir – təxminən 3000-4000 MVt günəş enerjisi və 300-500 MVt külək enerjisi. Bu, ölkədə bərpa olunan enerji sektorunun inkişafına böyük təkan verir”, – deyə K.Mahmudova bildirib.
Onun sözlərinə görə, proqram iştirakçıları ətraf mühitlə bağlı fəaliyyətlərini yaxşılaşdırmaq və yaşıl, daha az karbonlu və davamlı gələcəyə keçidi təşviq etmək öhdəliyini götürməlidirlər.
“Şəhərlər üçün əsas meyarlar “yaşıl” şəhərin yaradılması üzrə Fəaliyyət Planını hazırlamaq və həyata keçirmək və AYİB ilə investisiya layihəsinə başlamaq öhdəliyidir. Bundan əlavə, bu tələblərə cavab verən şəhərlərin əhalisi ən azı 50 min nəfər olmalıdır. Müvafiq müraciəti aldıqdan sonra biz layihə üzrə potensial imkanları nəzərdən keçirə bilərik”, – deyə K.Mahmudova bildirib.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, Gəncə 2020-ci ilin mart ayında Azərbaycanda AYİB-in “Yaşıl Şəhərlər” proqramına qoşulan ilk şəhər olub. İlk layihə 2022-ci ilin may ayında imzalanıb və bərk məişət tullantıları sektoruna aid olub. AYİB pilot layihələrin hazırlanmasında Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycanın İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edir.
AYİB yaxın aylarda Gəncə şəhərində “Yaşıl şəhərlər” proqramı çərçivəsində küçələrin işıqlandırılması üzrə yeni layihəyə imza atmağı planlaşdırır. Bank Gəncə şəhərində müasir və enerjiyə qənaət edən nəqliyyat vasitələri, xüsusi konteyner və zibil qutuları, rəqəmsal toplama sistemləri və digər abadlıq işlərinin cəlb edilməsi ilə bərk məişət tullantılarının yığılması xidmətlərinin təkmilləşdirilməsi üçün artıq 10 milyon avro vəsait ayırıb.
AYİB-in Azərbaycanla əməkdaşlığının növbəti addımı Gəncədə küçələrin işıqlandırılması layihəsinin imzalanması və Gəncə şəhəri yaxınlığında ən müasir, Aİ-nin tələblərinə uyğun bərk məişət tullantılarının toplanması sahəsinin yaradılması üçün layihənin hazırlanması istiqamətində iş olacaq.
“Küçələrin işıqlandırılması layihəsi üçün AYİB kreditinə əlavə olaraq, Aİ və digər beynəlxalq donorların dəstəyi ilə E5P Fondundan 2,5 milyon avro investisiya qrantı verdik”, – deyə K.Mahmudova bildirib.
O qeyd edib ki, paralel olaraq, AYİB Gəncə üçün “Yaşıl” şəhərin yaradılması üzrə Fəaliyyət Planı” hazırlamağa başlayır. Bu, Gəncənin infrastruktur aktivlərinin inkişafı üzrə uzunmüddətli baxışın hazırlanması üçün hərtərəfli və kompleksli strateji plandır. Hazırlıqların bu ay başlanması planlaşdırılır.
“Biz Gəncə şəhərini AYİB-in “Yaşıl Şəhərlər” proqramında görməkdən çox məmnunuq. Bu, bankın şəhərlərin inkişafı istiqamətində əsas layihəsidir və şəhərlərə davamlı infrastruktur sərmayəsi, siyasi təşəbbüslər və potensialın artırılması vasitəsilə ekoloji problemlərin öhdəsindən gəlməyə kömək edir. Bu, şəhərlərin infrastruktur ehtiyaclarını sistematik şəkildə qiymətləndirmək və onları təmin etmək üçün tədbirlər hazırlamaqla şəhərlərə öz sakinləri üçün daha yaxşı və daha davamlı gələcək qurmağa kömək edir”, – deyə nümayəndəliyin rəhbəri bildirib.
Onun sözlərinə görə, AYİB yaxın gələcəkdə Azərbaycanda yeni “yaşıl” şəhərlər üzərində işə başlamağa ümid edir.
AYİB-in “Yaşıl Şəhərlər” proqramı həm AYİB, həm də digər donorlar tərəfindən 5 milyard avrodan çox dəyərində şəhərlərə dəstək təklif edir. Proqram vasitəsilə bank rayon energetikası, “yaşıl” binalar və binaların modernləşdirilməsi, bərpa olunan enerji mənbələri, paylayıcı sistemlər, şəhər nəqliyyatı, küçə işıqlandırması, şəhərlərdə iqlim dəyişikliyinə davamlılıq, su təchizatı və kanalizasiya, bərk məişət tullantılarının toplanması sektorları, intelektual həll yolları sahəsi də daxil olmaqla, davamlı şəhər infrastrukturu tədbirlərinin geniş spektrinə investisiya yatırmaq üçün dövlət və özəl sektor müştəriləri ilə işləyə bilər.
“Biz nəqliyyat, kommunal xidmətlər, energetika, telekommunikasiya və digər sektorlarda infrastruktura investisiyaların dəstəklənməsi üçün ölkə hökuməti ilə əlaqə oluruq. Bununla belə, bizim diqqətimiz AYİB-in 2019-2024-cü illər üzrə Azərbaycan üzrə Ölkə Strategiyasında qeyd olunduğu kimi, özəl şirkətlərlə onların rəqabət qabiliyyətini, yaxşı idarəçiliyini və “yaşıl” iqtisadiyyata keçidini dəstəkləmək üçün işləməyə yönəldilib”, – deyə K.Mahmudova bildirib.