Ceyhun Mirzə,
YAP Gəncə şəhər təşkilatının partiya fəalı
Azərbaycan hər zaman, Cənubi Qafqaz bölgəsində sülhə və əməkdaşlığa töhfə verib. Qonşu dövlətləri ilə qarşılıqlı etimad və güvən prinsipindən çıxış edən Azərbaycan, həmin ölkələrlə birlikdə dayanıqlı inkişafa və rifaha xidmət edib.
İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkəmiz, dəfələrlə orada 30 illik işğal dövründə dini-mədəni irsimizin təcavüzkar erməni milliyətçiləri tərəfindən məhv edildiyinə və müsəlman qəbristanlıqlarının dağıdıldığına dair yüzlərlə sübut təqdim etsə də, İslam dininə mənsub olan və qardaş hesab edilən dövlətlərin bəziləri hələ də bu həqiqətləri görməzdən gəlir, ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşulurlar.
Azərbaycan Şimal-Cənub nəqliyyat və logistika layihələrinin reallaşması üçün əlindən gələni etməsi, bölgənin ümumi rifahı üçün olduqca əhəmiyyətli iqdisadi töhfələr verməsi fonunda riyakarlıqla üzləşməsi üzücü haldır. İslam dinini təmsil edən bir ölkəyə işğalçı Ermənistan dövləti ilə geniş əlaqələr qurmaq, təcavüzkarın yanında deyil, qarşısında durmaq yaraşardı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, həm muharibə dövründə, həmdə sonrakı dövrlərdə Azərbaycan və İran arasında əməkdaşlığı və dostluğu əsas tutan bəyanatlarla çıxış etməsi, ölkəmizin xoş məramını özündə ehtiva edirdi. Belə olan halda qonşu dövlətdən müsbət münasibət gözlənilsədə, əksinə anti-Azərbaycan mövqeyi sərgiləməyə başladılar. Bu siyasət çox planlı şəkildə yürüdülürdü. Azərbaycanın əsas əraziləri ilə Naxçıvan Muxtar Respublikasının arasında yerləşən, qədim Azərbaycan torpağı olan Zəngəzurda, inşa olunacaq nəqliyyat dəhlizinin açılmasını yalnış şəkildə təsvir edən İran rəsmiləri, ölkəmizə qarşı aqressiv çıxışlara və bəyanatlara start verdilər. Bununla da kifayətlənməyib, tez bir zamanda Ermənistanın Qafan şəhərində konsulluq inşa etdilər. Bu, Azərbaycanda əlbəttə, xoş qarşılanmadı. İkitərəfli münasibətlərin gərginləşməsinə səbəb olan ən əsas hadisə isə bizim sərhədlərimizdə, Araz çayı boyunca hərbi təlimlərin keçirilməsi faktı oldu. Artıq ikinci dəfə İran ordusu ağır artilleriya, tank, top və çoxsaylı canlı qüvvə ilə “dostluq” sərhədində bu təlimləri keçirirdi. Buna nə lüzum var idi? Əlbəttə, cavablar həmin ölkənin rəsmilərində olmalıdır. Bundan əlavə, Azərbaycanın haqlı olaraq sərt reaksiyasına səbəb olan, İran ordusunun, mühəndis isdehkam texnikaları vasitəsi ilə Araz çayını keçmək ssenarisi ilə təlim etməsi və buna bənzər hallar da ikitərəfli münasibətlərə heç yaxşı təsir bağışlamır. Buna lazımı cavab olaraq Azərbaycan Xüsusi Təyinatlılarının cənub sərhədləri yaxınlığında təlimlərə başlaması faktını da qeyd edə bilərik. Azərbaycan ordusu öz addımları ilə bir daha təsdiq edir ki, ölkəmizin ərazi bütövlüyünü öz qanı bahaslna bərpa edib və heç kəs ölkəmizlə təxribat dilində danışa bilməz! Azərbaycan Preizdenti cənab İlham Əliyevin dediyi kimi: Biz heç kəsdən çəkinmirik və öz siyasətimizi alnı açıq apararırıq!
Sözü gedən lazımsız siyasi gərginliyi başladan tərəf, gərək Azərbaycan dövlətinin uğurlarında təhlükə görməsin. Əksinə, həm özü üçün, həm də bölgə üçün ümumi rifaha xidmət görsün. Yenə də, iki qonşu dövlət arasındakı bütün bu gərginliklər və qeosiyasi fərqliliklər fonunda Azərbaycanın mövqeyi dəyişməz olaraq sülh və əmin-əmanlıqdan yanadır. Və əgər İran İslam Respublikası öz hakmiyyəti daxilindəki anti-Azərbaycan siyasəti yürüdən şəxslərə və dairələrə dur desə, biz inanırıq ki mehriban qonşuluq münasibətlərini genişləndirib daha yaxşı əməkdaşlıq etmək olar. Azərbaycanın ərazi bütövlüyünə, 40 milyon həmvətənlimizə və dövlətimizin müstəqil siyasətinə hörmət və ehtiram bəslənilməlidir.
Unutmayaq ki, siyasi sərhəddlər qəlblərə xətt çəkə bilməz. Arazın o tayı da, bu tayı da tarixən Azərbaycandır.