Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
31 il əvvəl 15 İyun tarixində Azərbaycanının müstəqilliyi və dövlətçiliyinin xilas günü – Milli Qurtuluş Günü müstəqil ölkəmizin salnamsinə qızıl həriflərlə yazıldı.
Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı, bünövrəsi də dahi şəxsiyyət Heydər Əliyevin Müstəqilliyimizin ilk illərində hakimiyyətə qayıtdığı gün, milli müstəqilliyimizin əbədiliyinin təmin edildiyi gün qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı. O illərdə böyük faciələrlə, çətinliklərlə üz-üzə qalan Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaosdan, anarxiyadan qurtula bildi. O gündən bu günə kimi Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ən böyük arzusu ölkəmizi bütöv görmək idi. Dövlət Başçımız cənab İlham Əliyev məqsədyönlü, praqmatik siyasəti, uğurlu strategiyası sayəsində Ulu Öndərin arzuları reallığa çevrildi, düşmən işğalından azad edilən torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalandı.
Ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, tərəqqi yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də olmazdı.
Milli Qurtuluşdan başlanan yolun hər qarışı, hər çığırı Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazıldı. Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz, bu gündən – Milli Qurtuluş Günündən başladı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətləri puç oldu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət, sabitlik adası kimi tanındı, beynəlxalq aləmdə layiqli yerini tutdu. Bu gün Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qalib ölkəmizin müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirib.
Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bəhrələridir. Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulub, dünya birliyinin söz sahibi olan dövlətlər çərgəsində yer alıb.
Azərbaycan xalqı müstəqilliyimizin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi anı, xalqımızın dövlətçilik tarixinin şanlı qürur səhifəsini, 15 İyun –Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edir.