Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın genişləndirilməsində dünya dövlətləri kimi Almaniya Federativ Respublikası da maraqlıdır. Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri bu ölkənin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı daha da artırılmasından xəbər verir.
Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycana olan inamın göstəricisi kimi də qəbul etmək mümkündür.
Azərbaycan hər zaman regionda sabitliyin, təhlükəsiz, davamlı inkişafın təmin olunmasına xidmət edib. Almaniyadan gələn 10 nüfuzlu şirkətin nümayəndələrinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsində səmərəli nəticələr verəcəyinin müsbət proqnozunu verir.
İşğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış və artıq tarixə qovuşmuş münaqişədə alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində Almaniya neytrallıq nümayiş etdirməsi çox əhəmiyyətli, diqqətəlayiq haldır.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev ilk növbədə Almaniya ilə münasibətlərin inkişafının vacibliyinə diqqət çəkərək bildirib ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq.
Araqrışdıran Fransanın, işğalçı ermənilərin dəyirmanına su tökən bəzi “siyasətçilər” ölkəmizə qarşı nə qədər qərəzli mövqe tutsalar da, Azərbaycan haqq işindən dönən deyil. Qalib Liderimizin qeyd etdiyi kimi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.
Öz növbəsində fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul olunması onu bir daha təsdiq etdi ki, Azərbaycan-Almaniya əlaqələri yüksək səviyyədə davam edir.