2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Gəncə şəhərində şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları, gənc seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov, təşviqat qrupunun üzvləri Həsən Həsənov, Fuad Əliyev, Məhərrəm İsmayılov, Eldar Zeynalov, Fəsli Nəbiyev və başqaları çıxış ediblər.
Çıxışlarda bildirilib ki, iyirmi il əvvəl İlham Əliyevin Prezident seçilməsi müasir Azərbaycan tarixinin ən əlamətdar, mühüm hadisələrindən biridir. Bu seçimlə Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Uğurlu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını hər zaman sübut edib. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə ölkəmizdə bu siyasətə alternativin olmadığını təsdiqlədi.
Natiqlər onu da qeyd ediblər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan bütün sahələr üzrə sıçrayışlı inkişafa nail olub, o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib.
Xüsusi ilə çıxışlarda o da vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Üç il bundan əvvəl işğala son qoyan Qalib Azərbaycan Müzəffər ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.
Görüşdə çıxış edən gənclər də öz növbələrində Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə – işıqlı sabaha aparan Liderə səs verəcəklərini bildiriblər.
Görüşdə çıxış edən seçicilər tarixi gündə, fevralın 7-də keçiriləcək prezident seçkilərində hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevə, ölkədə sabitliyin qorunmasına səs verəcəklərini bildiriblər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında yüksək əhval-ruhiyyə ilə yekunlaşıb.