Cavid Bağırzadə,
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti,
YAP GDU ərazi partiya təşkilatının sədri
SSRİ-nin dağılması ilə Avrasiyanın geosiyasi xəritəsində, eləcə də beynəlxlaq münasibətlər sistemində mühüm dəyişikliklər baş verdi. Postsovet respublikaları içərisində türkdilli respublikaların müstəqil dövlətlərə çevrilməsi Türk dünyasının müasir tarixində yeni səhifənin açılmasına gətirib çıxardı. Lakin keçən əsrin 90-cı illərində dünyada gedən proseslər, münaqişə ocaqlarının yaranması, ölkələrin daxilindəki iqtisadi, sosial problemlərin meydana çıxması türkdilli respublikalar arasında münasibətlərin siyasi birliyin yaranmasına müəyyən maneələr törədirdi. Bütün bunlara baxmayaraq Azərbaycanın türk dilli respublikalar ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoymuşdu.
Azərbaycan-Qazaxıstan ilə münasibətləri sıx tərəfdaşlıq və əməkdaşlığa söykənməklə hərtərfli diplomatik əlaqələri, dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycanın Orta Asiya ölkələri içərisində mühüm iqtisadi əlaqələrinin olduğu Qazaxıstanla münasibətləri müasir dövrdə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın Qazaxıstanla münasibətləri həm ikitərəfli dövlətlərarası münasibətlər zəminində, həm MDB çərçivəsində, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla inkişaf edir, iqtisadi əlaqələr dərinləşir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də ölkəmizə rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açmış, Azərbaycan ilə Qazaxıstanın bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirdiyini bir daha göstərmişdir. Bu səfər mühüm bir dövrdə gerçəkləşmişdir. Rusiya-Ukrayna müharibəsi regionda, eləcə də dünyada özü ilə birgə bir çox iqtisadi problemləri, ərzaq böhranını gətirməkdədir. Digər tərəfdən də nəqliyyat-logistika baxımından da yeni maşrutların müəyyən edilməsi aktuallığı artmışdır.
Bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə “Altın kıran” ordeni ilə təltif edilmişdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təltif zamanı çıxışında bildirmişdi ki, Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim.
Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni mərhələsi ilə bağlı mətbuata bəyanatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, bu gün səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, çoxlu sənədlər imzalandı. Onlardan bəziləri bizim iştirakımızla, 20-dən çox sənəd isə bu gün müvafiq strukturlar arasında imzalandı. Bu, münasibətlərimizin daha geniş hüquqi bazasını yaradır. Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.
Azərbaycanla Qazaxıstan arasında nəqliyyat sahəsinə diqqət çəkən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq.