Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan və Pakistan İslam Respublikası arasında bərqərar olmuş və get-gedə güclənən qardaşlıq əlaqələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Sıx qarşılıqlı münasibətlər nəticəsində iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq siyasi, iqtisadi-ticari, mədəni və hərbi əlaqələrin daha da inkişafına səbəb olub. Tarixi əsaslara söykənən bu əlaqələr son illər ərzində böyük inkişaf mərhələsindən keçmişdir.
2024-cü il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfərini mühüm addımlardan biri kimi hesab etmək olar. İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilmiş, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını qarşılamışdır.
Səfər zamanı Azərbaycan və Pakistan rəhbərləri arasında məhdud və geniş tərkibdə görüşlər keçirilib.
Dövlətimizin başçısı cənab İlham Əliyev çıxışı zamanı ikitərəfli münasibətlərin əhəmiyyətindən bəhs etmiş və hər iki dövlətin hər zaman bir-birini dəstəkləməsindən söz açmışdır: “Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik”.
Eyni zamanda, Pakistanın Baş naziri də bütün məsələlərdə Pakistanın Azərbaycanı dəstəklədiyini qətiyyətlə vurğuladı: “Mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir”.
Sözsüz ki, bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterini və strateji tərəfdaşlıq səviyyəsini qəti şəkildə nümayiş etdirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan və Pakistan əlaqələri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.