Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
İtaliya ilə qarşılıqlı faydalı münasibətlər ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin parlamentləri daim dəstəkləyir və öz töhfələrini verməyə çalışırlar.
Uzunmüddətli və möhkəm dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq bu gün uğurla davam etdirilir.Bunu ölkə başçılarının qarşılıqlı səfərləri də sübut edir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə 2024-cü il sentyabrın 4-də Romada işgüzar səfərdə olub.
İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıması və çoxşaxəli əməkdaşlığı ehtiva etməsi, ticarət və enerji sahəsində aparılan əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamışdır: “Mən giriş sözümü ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başladım. Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.”
Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür.
İqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir.
Dövlətlər arasındakı əlaqələr əlbəttə ki, sadaladığımız sahələrlə məhdudlaşmır. Hazırda humanitar məsələlərin də genişləndirilməsi nəzərdə tutulur. İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması humanitar əlaqələrin şaxələndirilməsinin nümunələrindəndir.
Azərbaycan və İtaliya tərəfdaşlığı, siyasi yenidənqurma kontekstində uğurlu gələcəyə körpü olacağına zəmin yaradır. Beləliklə, Azərbaycan və İtaliya arasındakı əlaqələr həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Şübhə yoxdur ki, bu əlaqələr gələcək illərdə daha da güclənəcəkdir.