Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan Respublikası tam müstəqil, özünün milli maraqlarına hesablanmış və xalqın istəklərini əks etdirən xarici siyasət yürüdür. Müəllifi ümummilli lider Heydər Əliyev olan xarici siyasət kursu dövlət başçımız tərəfindən uğurla davam etdirilərək, Azərbaycana beynəlxalq aləmdə nüfuz qazandırmışdır.
Sözsüz ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Dövlət başçımızın rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan beynəlxalq müstəvidə hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir.
2023-cü ilin noyabrın 20-də Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Görüşdə hər iki dövlət başçısının da iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını özündə əks etdirən sənədlərin imzalanması bundan sonra münasibətlərin dinamik işkişafına yol açacaqdır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu görüş tarixi səfər kimi xatırlanacaq. Çünki bu səfər, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Mövcud qlobal çağırışlar və dəyişikliklər fonunda Azərbaycan və İraq beynəlxalq aləmdə mövqelərini möhkəmləndirərək, diplomatik münasibətləri uğurla davam etdirirlər. İraq Prezidentinin səfəri iki ölkənin əməkdaşlığında yeni səhifə açmış olacaq.
Məlumdur ki, hər iki dövlət BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir və bir-birinin ərazi bütövlüyünü müdafiə edirlər. Eyni zamanda, cənab İlham Əliyevin Azərbaycanın İraqla əlaqələrinin möhkəmləndirilməsindəki rolu onun iqtisadi, diplomatik və təhlükəsizlik sahələrindəki xidmətlərinin məcmusunu təşkil etməkdədir.
Beləliklə, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Bu gün Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib.