Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
İki gün öncə yəni 19 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərdə olmuşdur. Qeyd etmək lazımdır ki,bu səfər Prezidentimizin seçkilərdən sonra ilk rəsmi səfəridir. Bu səfər əslində bir daha Azərbaycan- Türkiyə qardaşlığının təzahürü kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Türkiyə rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökümət, həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi məkanında müstəqillik qazanmış beş türk dövlətindən coğrafi cəhətdən Türkiyəyə ən yaxın və xarici siyasət fəaliyyətində ona daha çox önəm verəni də məhz Azərbaycan olmuşdur. Ölkəmizin qardaş Türkiyə ilə münasibətləri Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sürətli inkişaf mərhələsinə qədəm qoydu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də yeni inkişaf mərhələsinə qədəm qoymuş, Türkiyə ilə münasibətlərimizdə ikinci nəfəs açılmışdır. Prezident İlham Əliyev 2003-cü ildən bu yana daim türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinin, eləcə də Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatmasının təşəbbüskarı kimi çıxış etmiş, bu istiqamətdə müsbət nəticələri olan konkret addımları atmışdır və atmaqda da davam edir.
Türkiyə ilə Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandığını, bütün məsələlərdə eyni mövqedən çıxış etməsini təsdiqləyən faktorlardan biri də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyidir. Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Əslində Vətən Müharibəsi Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olmasının bütün dünyaya göstəricisi idi. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.
Bugün Türkiyə Azərbaycan əlaqələri bütün istiqamətlərdə inkişaf edərək ən yüksək səviyyəyə çatmışdır. İqtisadi, siyasi sahələrdə aparılan transregional nəhəng layihələr əslində təkçə iki ölkənin deyil bütün bölgə üçün sülhün və sabitliyin təmin olunmasına böyük tövhədir. Hətta Qarabağa Qayıdış prosesində Türkiyənin bugünkü çabalarını əslində davamlı sülhə fürsət pəncərəsi kimi qiymətləndirilir. Türkiyə ilə Azərbaycanı nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və birliyi!