Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Bu gün ən yüksək zirvədə dayanan Türkiyə-Azərbaycan qardaşlığının bünövrəsində qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq dayanır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Asiyanın türk dövlətləri üçün geniş imkanlar yaradıb. Qalib ölkənin Qalib Lideri İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi də bunun daha bir bariz nümunəsidir.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxışlarında bir daha qardaş ölkələrin inkişaf və tərəqqi yolunda olmasına diqqət çəkilib.
“Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır.”- deyə qeyd edən ölkəmizin başçısı bildirib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.
Hər zaman bir-birinin yanında olan, beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyən, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazan Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı, birgə təşəbbüsləri regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına mühüm töhfələr verir. Eyni zamanda dünyanın iqtisadi güclərindən olan Türkiyə dövlətinin güclənməsi həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət daşıyır.
“Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik – deyə qeyd edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında Təşkilatın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməcəyindən xüsusilə məmnunluğunu bildirib.
Eyni zamanda mətbuata bəyanatında Prezident Rəcəb Tayyib Ərdoğan xüsusi ilə vurğuladığı kimi, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik. Azərbaycan və Türkiyə liderlərinin məqsədyönlü siyasətləri nəticəsində Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmləndirəcək. Ümummilli Liderimiz Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə birliyi ən uca zirvələrə yüksələcək.