Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən silsilə yarışlar çərçivəsində basketbol üzrə oğlanlar arasında ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin birinciliyi keçirilib.
Dairəvi sistem üzrə keçirilən şəhər spartakiadasında 4 komanda iştirak edib. Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələri ilk oyun günündə Gəncə Dövlət Regional Kollecinin basketbolçuları üzərində 28:20 hesabı ilə qalib gəlib. UTECA basketbolçuları 2-ci görüşdə Gəncə Dövlət Universitetinin (GDU) komandasını 35:28 hesabı ilə məğlub edib.
Sonuncu həlledici qarşılaşmada isə UTECA komandası Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə üz-üzə gəlib. Son saniyələrədək gərgin keçən oyunda basketbolçular 43:39 hesabı ilə əzmkar qələbə qazanaraq 1-ci yerə çıxıblar. Komandanı yarışa Əməkdar məşqçi Elçin Süleymanov və məşqçi Fariz Əliyev hazırlayıb.