Azərbaycan Texnologiya Universitetində (ATU) şəhid tələbə və məzunların xatirə guşəsinin açılışı olub.
Açılışdan əvvəl ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov şəhid ailələri ilə görüşüb, bildirib ki, universitet şəhid tələbə və məzunları ilə fəxr edir, onların xatirəsini daim əziz tutur.
Şəhid anaları çıxış edərək övladlarının tələbəlik illərini, müəllimlərini yada salıb, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı universitet rəhbərliyinə təşəkkür ifadə ediblər.
Daha sonra universitetin II korpusunda yerləşən “ATU-nun şəhid tələbə və məzunları” guşəsinin açılışı olub.
Kompozisiyada xəritə, dəmir yumruq, xarı bülbül və universitetin 10 şəhid tələbə və məzununun şəkilləri və məlumatları yer alıb. Mərkəzdə təsvir edilən bütöv Azərbaycan xəritəsini 44 günlük Vətən müharibəsi şəhidlərinin şəkilləri təşkil edir ki, bu da torpaqlarımızın Vətən uğrunda canından keçən şəhidlərin sayəsində bütövləşdiyini tərənnüm edir.
Qeyd edək ki, şəhidlər guşəsi ATU-nun tərəfdaşlarından olan “Codelandia” şirkətinin dəstəyi ilə ərsəyə gəlib.