Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Rumıniyanın aparıcı universitetlərindən biri olan İaşi Texniki Universiteti (TUIASI) arasında əməkdaşlığın zənginləşdirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb.
Sənədə Rumıniyanın İaşi şəhərində hər iki universitetin rəhbərliyi tərəfindən imza atılıb.
Perspektivli tərəfdaşlığı əhatə edən əməkdaşlıq memorandumu innovasiyaların təşviqi və qlobal akademik icmanın yetişdirilməsi istiqamətində mühüm addımdır.
Memorandum Azərbaycan və Rumıniya arasında akademik mübadilə, birgə tədqiqat və mədəni anlaşmanı təşviq etmək, texnoloji təcrübəni genişləndirmək, tələbələrə və tədqiqatçılara bilik mübadiləsi və innovasiya üçün daha geniş platforma vəd etmək məqsədi daşıyır.
Sənəd hər iki qurumun qlobal təhsil şəbəkələrini inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə cavab verən məzunların yetişdirilməsinə diqqətinin təzahürüdür.
Qeyd edək ki, ATU 23.09.2021-ci il tarixində imzalanmış əməkdaşlıq müqaviləsi ilə bir müddətdir ki, İaşı Texniki Universiteti ilə Erasmus proqramı çərçivəsində müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirir. TUIASI Rumıniyanın texnoloji yönümlü ali təhsil müəssisələri arasında ilk sırada yer tutur.

