Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Milli maraqların təmin edilməsi, dövlətin mənafelərinin qorunması üçün ölkənin hərtərəfli şəkildə inkişaf etdirilməsi, dövlətin qüdrətlənməsi ilə yanaşı uğurlu xarici siyasət kursunun icra edilməsi zəruri məsələlərdəndir. Xarici siyasəti daxili siyasətin məntiqi davamı kimi dəyərləndirən Prezident İlham Əliyevin çevik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dünyada yeri və rolu artmışdır.
Dövlət başçısı cənab İlham Əliyev beynəlxalq hüquq prinsiplərini əsas tutaraq, beynəlxalq aləmdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür.
Azərbaycanın dünyanın geosiyasi müstəvisində rolu artdıqca, ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb. Bu dövlətlər içərisində müxtəlif Afrika ölkələrinin də yeri vardır. Belə ölkələrdən biri də Somali Respublikasıdır.
Bildiyimiz kimi 2025-ci ilin fevral ayında Somali Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Bu rəsmi səfər Azərbaycan və Somali dövlətləri arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında bu səfəri tarixi hadisə kimi qiymətləndirmiş, ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını vurğulamışdır.
Somali Prezidenti Hasan Şeyx Mahmud çıxışında Somali Respublikasının qarşılıqlı tərəfdaşlığa göstərdiyi marağı vurğulamış, diplomatik əlaqələrin əhəmiyyətindən bəhs etmişdir: “Bu gün imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir.”
Görüşdə Azərbaycan və Somali arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, eləcə də təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. İmzalanmış sənədlər iki ölkə arasında iqtisadi, siyasi, müdafiə və humanitar istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir.
Ümumiyyətlə, Azərbaycan-Somali əməkdaşlıq formatı təkcə qeyd olunan istiqamətlərlə məhdudlaşmır, istisnasız olaraq bütün sahələrdə ikitərəfli əlaqələri ən yüksək səviyyəyə çatdırmaq məqsədi güdür. Azərbaycanın öz xarici siyasətində önəm verdiyi əsas prinsip qarşılıqlı hörmət və maraqdır. Sözsüz ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması nəticə etibarilə beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcək.