Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, suveren və qalib bir ölkə kimi öz varlığını sübut etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün Аzərbаусаn xarici siyasətinin prioritetlərini qətiyyət və inamla reallaşdırır.
Azərbaycan Prezidentinin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçımız tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir.
Məlumdur ki, cari ilin may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü baş tutub. Eyni zamanda, Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan ilə Slovakiyanın diplomatik əlaqələri 1993-cü ildən qurulsa da, Prezident cənab İlham Əliyevin 2004-cü ildə Slovakiyaya səfəri ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb.
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana 2014-cü il 7 may səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində əlamətdar gün hesab olunmaqdadır.
Sənədlərin imzalanması zamanı“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”nin imzalanması da olduqca əhəmiyyətli hadisədir.
Artıq Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.
Cənab Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir: “Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”.
Göründüyü kimi Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.