Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə dövlətimizin nüfuzunun beynəlxalq ictimaiyyətə bəyan edilməsi, qlobal informasiya məkanında mövqeyinin güclənməsi baxımından olduqca əhəmiyyətlidir.
Müsahibə zamanı Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlər nəzərdən keçirilmiş, qarşılıqlı əlaqələrin hər iki dövlət üçün əhəmiyyətindən söz açılmışdır. Dövlətimizin başçısı müsahibə zamanı regionda və bütövlükdə dünyada baş verən hadisələrin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyini və iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialının artmasını, hər iki dövlətin xarici siyasət prioritetlərinin üst-üstə düşdüyünü diqqətə çatdırmışdır. Bu sırada NATO və Rusiya arasındakı münasibətlər və yarana biləcək gərginliklər zamanı Azərbaycanın regionda və dünyada yerinə yetirə biləcəyi öhdəliklərdən bəhs edilmişdir. Cənab Prezident İlham Əliyev Azərbaycanın sülh və təhlükəsizliyin əsas tərəfdarlarından biri olduğunu öz çıxışı zamanı səsləndirdiyi fikirlərdə diqqətə çatdırmışdır: “Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq.”
Həmçinin cənab Prezident İlham Əliyev tərəfindən beynəlxalq ictimaiyyətə çox mühüm ismarıclar bu müsahibədə yer almışdır.
Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə mühüm irəliləyişlərin əldə edilməsi, bu sənədin 17 maddəsinin 15-i haqqında razılığa gəlindiyi cənab Prezident İlham Əliyev tərəfindən qeyd edilib. Bu maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır.
Dövlət başçısı Ermənistanın həyata keçirməli olduğu daha iki vacib məsələni də diqqətə çatdırıb. Birinci məsələdə Ermənistanın öz Konstitusiyasını dəyişməsinin vacibliyi və bunun obyektiv şərt olduğu qeyd olunub. Çünki bu konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. İkinci məsələdə ATƏT-in Minsk qrupunun ləğvinin zəruriliyindən bəhs edilib. Cənab Prezident bildirib ki, bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Həmçinin ATƏT-in Minsk qrupunun formal olaraq mövcudluğu və fəaliyyət göstərmədiyi diqqətə çatdırılıb. Müsahibə zamanı qeyd olunmuşdur ki, bu məsələlər öz həllini tapsa, sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Prezident İlham Əliyev çıxışında Ermənistan və onun havadarlarına açıq-aydın mesajlar vermişdir.
Dünyanın diqqətinə çatdırılan məsələlərdən biri də Azərbaycana qarşı feyk xəbər hücumlarını davam etdirən Fransa ilə əlaqədar olub. Sözsüz ki, burada bir çox amillər təhlil edilmişdir. Dövlət başçısı cənab İlham Əliyev Fransada Makronun hakimiyyətə gəlişindən öncəki dövrdə qarşılıqlı əməkdaşlıq haqqında ətraflı məlumat verib.
Prezident İlham Əliyev müsahibəsində Gürcüstanda son günlər baş verən hadisələrə də münasibət bildirərək, Gürcüstanda baş verən iğtişaşlarda Fransa Prezidenti Emmanuel Makronun əli olduğunu vurğulayıb.
Ümumiyyətlə, müsahibədə bu kimi bir çox əhəmiyyətli məsələlər yer almışdır. Burada Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Ermənistan, Azərbaycan-Fransa və Azərbaycan-ABŞ arasında münasibətlərin diplomatik səviyyələrdə səciyyəsi dövlətimizin başçısı İlham Əliyev tərəfindən dəqiq və hərtərəfli şəkildə təhlil edilmişdir.
Müsahibədə yer alan əhəmiyyətli suallardan biri də COP29-un nəticələri ilə bağlı idi. Bu mötəbər tədbirə Azərbaycanın evsahibliyi etməsinin ölkəmizin beynəlxalq aləmdə nüfuzuna müsbət istiqamətdə təsirləri olmuşdur.
Dövlət başçısı İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində yer alan məsələlər və mühüm ismarıclar dünya mediasında da işıqlandırılmışdır.